AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı tərəfindən Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, materialist filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illiyinə həsr edilmiş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, tədbirdə muzeyin Aran regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı dahi mütəfəkkirin zəngin yaradıcılıq yolundan və Azərbaycan ədəbiyyatına bəxş etdiyi dəyərli sənət əsərlərindən söz açıb. O, eyni zamanda, Şərq və Qərb ədəbiyyatına və mədəniyyətinə yaxşı bələd olan və bəzi əsərlərində bu iki mədəniyyətin sintez edən Mirzə Fətəli Axundzadənin dramaturgiyamızın inkişafındakı rolundan bəhs edib. Yaqut Bahadurqızı ədibi Azərbaycan ədəbiyyatının nadir simalarından biri kimi səciyyələndirərək, milli dramaturgiyamızın və realist nəsrin banisi kimi Mirzə Fətəli Axundzadənin ədəbiyyat tariximizdə misilsiz xidmətlər göstərdiyini bildirib.
Sonra Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Muğanlı kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Afaq İbişova “Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi şeir, nəsr, dram fəlsəfəsi – nəzəri traktatlar müəllifi olan Mirzə Fətəli Axundzadənin sözü və əməli bir sənətkar kimi dövrün ictimai-siyasi həyatını düzgün qiymətləndirdiyini, onun bir ədib, şair olmaqdan daha artıq bir cəmiyyətçi, bir əməlpərvər olduğunu vurğulayıb.
Daha sonra Muğanlı kənd tam orta məktəbin şagirdləri dahi mütəfəkkirin komediyalarından kiçik parçalar nümayiş etdirib, şeirlərindən nümunələr səsləndiriblər.
Həmçinin rayon ziyalısı Namiq Ağayev, Muğanlı kənd tam orta məktəbin direktoru Nurəddin Aslanov çıxış edərək belə tədbirlərin keçirilməsinin gənc nəslin klassik irsə, ədəbiyyatımıza marağının artırılmasında və onlarda səhnə mədəniyyətinin formalaşmasında böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Sonda tədbirdə iştirak edən şagirdlərə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynovun imzaladığı fəxri fərmanlar təqdim edilib.