Daşkənddəki “Humo Arena” idman kompleksinin ərazisində Özbəkistandakı milli mədəniyyət mərkəzlərinin təntənəli Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə Novruz şənliyində iştirak edib.
Azərbaycan guşəsində ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, həmçinin AMM tərəfindən Azərbaycanın tarixi və mədəniyyətinə dair özbək dilində çap olunan nəşrlər, suvenirlər nümayiş etdirilib.
Sərgidə iştirak edən qonaqlara Novruz şirniyyatı-şəkərbura, paxlava, qoğal və digər təamlar təklif olunub.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Novruz bayramı tədbirinə gəlib, mədəniyyət mərkəzlərinin təqdim etdiyi sərgiyə baxıb.
Azərbaycan üçün ayrılan guşədə Şavkat Mirziyoyevi RAMMM-nin sədri Firdovsi Hüseynov qarşılayıb. Prezident sərgidə təqdim edilən kitablara, suvenirlərə maraqla baxıb, Firdovsi Hüseynovla söhbət edib və stendi yüksək qiymətləndirib.
Prezidentin qarşısında saz ustası İlham Abdullayev qədim el havalarını, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Xatırladaq ki, Firdovsi Hüseynov və İlham Abdullayev diaspor qarşısındakı xidmətlərinə görə ötən il Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin fərmanı ilə “Dostluq” ordeni ilə təltif olunublar.