Bu gün (13.03.2022) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti təlim keçrildi.
Bu dəfəki tədbirdə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən 33 saylı tam orta məktəbdə baş tutdu. Azad Müəllimlər İctimai Birliyinin sədri, layihənin rəhbəri Pərvanə Talıbova tədbir iştirakçılarını salamladıqdan sonra sözü layihənin təlimçisi Nüşabə Mehtiyevaya verdi.
Bir qalanın sirri kinofilmindən fraqmentlər göstərildikdən sonra oxunun əhəmiyyəti, şəxsiyyətin formalaşmasında oxunun rolu, oxu ənənəsinin yaradılması haqqında mövzu təqdim olundu.Karusel üsulundan istifadə edərək uşaqlar arasında paylanmış materialların rəvan və səlis oxunmasına və nitq mədəniyyətinin inkişafına diqqət yetirildi.
Söz assosiasiyası üsulundan istifadə edərək ” Nə üçün oxuyursan? ” sualına təlim iştirakçıları tərəfindən cavab axtarıldı.
Mütaliənin faydasının, xüsusilə, hər gün oxuyanlar üçün çox böyük olduğu, təxəyyülü genişlətməyə, yaradıcılığı inkişaf etdirməyə kömək etdiyi vurğulandı. Mütaliə bizi heç vaxt görə bilməyəcəyiniz yerlərə apara bilər. Video görüntülər bizə bir hekayə danışır, oxumaq isə hekayəni beyninizin içində yaradır. Gənc, sağlam və yaradıcı zehinə sahib olmaq istəyənlər üçün müntəzəm oxumaq mütləqdir.
Təlim çərçivəsində təşkil edilən “ Gəlin nağıl quraq! ” karusel üsulu ilə aparılan oyun tapmaca çox maraqlı oldu. Altı qrupa ayrı- ayrı tapşırıqlar verildi. Hər qrup üzvü bir cümlə ilə digər fikri tamamlayıb qruplarla paylaşırdılar. Sonda bir- birindən maraqlı 6 nağıl alındı. Nağıllar təqdimat üsulundan istifadə edilərək oxunuldu.