Azərbaycan Respublikasının IT xidmətləri, kommunikasiya və yüksək texnologiyalar sahəsində lider şirkətlərdən biri olan Azerconnect maliyyə və insan kapitalının idarə olunması üçün Oracle Fusion Bulud tətbiqini seçib. Beləliklə, Azerconnect MDB regionunda Oracle xidmətini şirkətin fəaliyyətində uğurla tətbiq edən ilk telekommunikasiya şirkəti olub.
Şirkətin Oracle Fusion xidmətlərini tətbiq etməkdə əsas məqsədi biznes proseslərinin unifikasiyası və standartlaşdırılması, nəzarət və uyğunluq proseslərinin təkmilləşdirilməsi, arxa ofisin optimallaşdırılması və səmərəlilik artımının sürətləndirilməsidir.
Azerconnect artıq Oracle Fusion Cloud Enterprise Resource Planning – ERP (Oracle Fusion Bulud Müəssisə Resurs Planlaması) və Oracle Fusion Cloud Human Capital Management – HCM (Oracle Fusion İnsan Resurslarının İdarəolunması) tətbiqlərindən istifadəyə başlayıb. Yeni həllər sayəsində Azerconnect məlumatların təhlili, dövrlərin bağlanması, hesabatların hazırlanması və açıqlanması, yeni əməkdaşların işə qəbulu və təlimlərin keçirilməsi, onların effektivliyinin idarəolunması, qiymətləndirilməsi, motivasiyası kimi gündəlik və rutin əməliyyatların avtomatlaşdırılmasına nail olacaq. Beləliklə, şirkətin əməkdaşları strateji biznes problemlərinin həllinə daha çox vaxt ayıra biləcəkdir.
Azerconnect şirkətinin Baş direktoru Emil Məsimovun sözlərinə əsasən, “Arxa ofis funksiyalarının transformasiyası bütün dünyada iri telekommunikasiya şirkətləri arasında trendə çevrilib. Azerconnect öz müştərilərinə daha rahat və müasir xidmət göstərmək üçün biznesin rəqəmsallaşdırılmasına yönəlik proqramları davamlı olaraq həyata keçirir. Artıq bulud həlli sayəsində xidmətlərlə bağlı bütün mümkün yenilənmələr və dəyişikliklər daha sürətlə baş verəcək və şirkətimiz innovasiya, yeni biliklər və kollektiv təcrübəyə daha sürətli çıxış əldə edəcəkdir”.
“Biz Oracle Cloud ERP tətbiqinə inteqrasiya və Oracle Cloud HCM tətbiqinin işə salınması ilə əhəmiyyətli transformasiya layihəsini bir ildən az müddət ərzində həyata keçirdik. Nəticədə İR və maliyyə istiqamətləri daha səmərəli fəaliyyət göstərir və əməkdaşlarımız artıq öz bilik və təcrübələrini biznesin təhlili və inkişaf etdirilməsinə yönəldə bilirlər. Bu yeniliklər hesabına departamentlərimizin əməkdaşları işlərini daha asan və səmərəli şəkildə icra etməklə yanaşı, əsas diqqəti təhlilə, maliyyə və İR sahəsində yeni biliklər qazanmağa istiqamətləndirirlər” – deyə Azerconnect şirkətinin Baş maliyyə direktoru Orxan Nəcəfov bildirib.
Oracle şirkətində ECEMEA (Şərqi və Cənubi Afrika, Orta Şərq və Afrika ölkələri) regionu Tətbiqlər üzrə vitse-prezident Waleed Abdel Hamid qeyd edib ki, “Oracle Fusion Cloud ERP və Oracle Fusion Cloud HCM kimi bulud xidmətlərinin tətbiqi Azerconnect şirkətinin İT, Maliyyə, Satınalma və İR departamentlərinin işinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırıb. Artıq İR və maliyyə sistemləri daha təhlükəsiz vahid məlumat platformasına qoşulub. Beləliklə, Azerconnect mütəmadi olaraq ən son, avtomatik yenilənmə funksiyalarından yararlanır”.
Azerconnect haqqında:
Azerconnect şirkəti ölkəmizin davamlı inkişaf etməkdə olan İKT və yüksək texnologiyalar sahəsində ilk B2B şirkətdir. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Oracle haqqında:
Oracle kompleks tətbiqlər dəsti ilə yanaşı Oracle Cloud xidmətində təhlükəsiz və avtonom infrastruktur təklif edir. Oracle (NYSE: ORCL) barədə əlavə məlumatı www.oracle.com saytından əldə edə bilərsiniz.