Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu gün keçirlmiş iclasla bağlı məlumat yayıb.
“Report”a daxil olan məlumata görə, Komitənin sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib.
Komitə sədri bildirib ki, birinci və ikinci məsələlər ölkə Prezidenti tərəfindən təqdim edilib. Birinci məsələ – Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi ilə bağlı Prezidentin təqdimatı deputatlar tərəfindən müsbət qarşılanıb.
Sonra Tahir Mirkişili qeyd edib ki, növbəti məsələ Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə qəbul edilməsi ilə əlaqədardır. Komitə sədri Taleh Kazımovun iş təcrübəsi və peşə keyfiyyətləri barədə məlumat verib. Onun ölkənin bank sistemindəki xidmətlərindən, əldə etdiyi nailiyyətlərdən bəhs edib. Komitə sədri Mərkəzi Bank və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında sıx əlaqələrin olduğunu, bir sıra məsələlərin həllində faydalı əməkdaşlıq etdiklərini qeyd edib və bunun gələcəkdə uğurla davam edəcəyini söyləyib.
Müzakirələr zamanı çıxış edən komitə üzvləri Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyini dəstəklədiklərini bildiriblər, bu təyinatın bank sisteminin fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edəcəyini qeyd ediblər.
Sonra Tahir Mirkişili məsələ ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini təqdim edib. Qeyd olunub ki, Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin olunması məqsədəuyğun hesab edilir.
İclasda iştirak edən Taleh Kazımov ölkə Prezidentinə ona göstərdiyi etimada görə minnətdarlığını ifadə edib. Komitə üzvlərinə müsbət rəyə görə təşəkkür edib. Fəaliyyəti dövründə Mərkəzi Bankla parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında daha sıx və səmərəli əlaqələrin qurulmasında səylərini əsirgəməyəcəyini söyləyib.