Ukraynadakı münaqişə inkişaf etməkdə olan ölkələrə qarşı “səssiz hücumdur” və 1,7 milyard insanı yoxsulluq təhlükəsi ilə üz-üzə qoyur.
“Report” xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş Çexiyanın “Seznam Zpravy” nəşrinə şərhində bildirib.
“Ukraynadakı hərbi münaqişə kənd təsərrüfatı məhsullarının və enerji resurslarının qlobal ixracına mane olur, yaşayış minimumunun kəskin artmasına gətirib çıxarır ki, bu da sadə vətəndaşlar üçün ən mənfi nəticələrə çevrilir”, – baş katib qeyd edib.
Quterreşin fikrincə, hazırkı şəraitdə varlı dövlətlər kasıb ölkələrə maliyyə yardımı göstərməlidirlər ki, bu da böhrandan çıxmaq prosesində Yer kürəsinin sakinləri arasında vəsaitlərin ədalətli bölüşdürülməsini təmin edəcək.
Belə ki, dünyada buğda və arpa istehsalının 30%-i Rusiya ilə Ukraynanın payına düşür. Bu dövlətlərin dünya bazarına çıxardıqları kənd təsərrüfatı məhsulları planetin ən yoxsul sakinlərinin əsas qida mənbəyidir. Afrikanın iqtisadi cəhətdən zəif inkişaf etmiş 45 ölkəsinin idxal etdiyi buğdanın üçdə birindən çoxu Rusiya və Ukrayna tarlalarında yetişir.