Mart ayında ölkəmizdə intensiv qar və yağış yağması nəticəsində sürüşmə zonalarında lokal aktivləşmə müşahidə edilir.
Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib
Onun sözlərinə görə, sürüşmə, çökmə əsasən Lənkəran, Lerik, Astara rayonları ərazisində müşahidə olunur.
“Həmin bölgədə intensiv yağıntılardan sonra aktiv 13-14 lokal sürüşmə yeri meydana gəlib. Biz həmin ərazilərin davamlı monitorinqini aparırıq. Biz tərəfimizdən həmin proseslərin zərərini minimuma endirmək üçün müvafiq qurumlara tədbirlərin görülməsi üçün tövsiyyələr verilib.
Bundan başqa da Qubanın Qırızdəhnə və Küsnətqazma kəndində sürüşmə və çökmə xarakterli prosesin getməsi müşahidə olunur.
Aktiv zonalarda baş vermiş sürüşmələrdən sonra bərpa işləri aparılmaqdadır. Buna misal olaraq Abşeron rayonunun Badamdar yaylasında, Xətai rayonunun Günəşli yaylasına girən yerdəki qəbristanlığı göstərmək olar.
Ümumiyyətlə son zamanların statistikasına baxsaq sürüşmələrin intensivliyində səngimə prosesi var. Əvvəlki illərdəki ki, kütləvi proseslər getmir. Bunun da əsas səbəbi qabaqlayıcı tədbirlərin görülməsidir”, – deyə Xidmət rəisi bildirib.