Avropa Şurası Parlament Assambleyası (AŞPA) Avropada sosial mənşəyinə görə ayrı-seçkiliyə məruz qalan şəxslərə dair qətnamə qəbul edib.
“Report“un yerli bürosu xəbər verir ki, qətnamədə AŞPA üzv ölkələrə sosial ayrı seçkiliyə qarşı mübarizə sahəsində siyasətlərini genişləndirməyi tövsiyə edir.
Qətnamədə bildirilir ki, Avropada insanlar sosial mənşəyi səbəbindən ayrı-seçkiliyin müxtəlif formaları məruz qalmaqda davam edirlər və bu da həyatları boyu onların yaşayış şəraitinə, təhsil və təlimə çıxış imkanlarına, məşğulluq və sosial mobillik perspektivlərinə mənfi təsir göstərməkdə davam edir. İnsanların sosial mənşəyi onların yoxsulluğa və sosial təcridə məruz qalmalarına səbəb olur.
AŞPA hesab edir ki, insanların sosial mənşəyinə görə ayrı-seçkilik qanunla qadağan edilməlidir. Bu qanunlar səmərəli tədbirlərlə müşayiət olunmalıdır. AŞPA üzv ölkələrə tövsiyə edir ki, cəmiyyətdə ayrı-seçkiliyə səbəb olan ünsürlər yaxından öyrənilməli, onların aradan qaldırılması üçün genişmiqyaslı siyasət və tədbirlər həyata keçirilməlidir.