Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbər şəxslərinin və 100-dən çox işəgötürənin, əməyin mühafizəsi üzrə mütəxəssislərin iştirakı ilə 28 Aprel-Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 28 aprel tarixinin Ümumdünya Əməyin Mühafizəsi günü kimi elan edildiyi və bu ilki Əməyin Mühafizəsi Gününün devizinin “Pozitiv təhlükəsizlik və sağlamlıq mədəniyyəti yaratmaq üçün birlikdə hərəkət edək!” kimi müəyyən edildiyi diqqətə çatdırılıb.
Ölkəmizdə layiqli əməyin təminatı, o cümlədən işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi sahəsində aparılan dövlət siyasəti, bu sahədə beynəlxalq konvensiyaların ratifikasiyası istiqamətində görülən işlərdən bəhs olunub. BƏT-in əsas işçi hüquqları ilə bağlı 58 Konvensiyasının (o cümlədən əməyin mühafizəsi ilə əlaqədar Konvensiyalarının), bir protokolunun Azərbaycan tərəfindən ratifikasiya edildiyi qeyd edilib.
Əməyin mühafizəsi üzrə ixtisaslaşan işçilərin sahə üzrə sualları cavablandırılıb, müvafiq izahlar verilib.