Türkiyənin Antalya şəhərində keçirilən güləş üzrə “Çempionlar” turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın son günündə – mayın 15-də güləşçilərimiz 13 (6 qızıl, 2 gümüş, 5 bürünc) medal qazanıblar.
Yunan-roma güləşində Elmir Əliyev (60 kq) və Laçın Vəliyev (87 kq) çempion olublar. Nihad Quluzadə (60 kq) isə üçüncü yerə çıxıb. Beləliklə, yarışı 5 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vuran millimiz komanda hesabında ikinci yeri tutub.
Qadın güləşində Birgül Soltanova (62 kq) qızıl, Gültəkin Şirinova (53 kq) gümüş, Nigar Mirzəzadə (68 kq) isə bürünc medalı boynundan asıb. Yekunda 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yığmamız komanda hesabında ikinci olub.
Yarışın sonuncu günündə sərbəst güləşçilərimiz də uğurlu çıxışla yadda qalıblar. Ceyhun Allahverdiyev (61 kq), Sabir Cəfərov (70 kq) və Səbuhi Əmiraslanov (79 kq) qızıl, Kənan Heybətov (70 kq) gümüş, Maqomed-Başir Xaniyev (70 kq), Soslan Tigiyev (79 kq) və Abdulcəlil Şabanov (92 kq) isə bürünc medala sahib çıxıblar.
Ümumilikdə 3 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edən komandamız ənənəvi yarışı dördüncü pillədə başa vurub.
Beləliklə, üç gün davam edən turnirdə güləşçilərimiz 11-i qızıl, 5-i gümüş və 8-i bürünc olmaqla, ümumilikdə 24 medal əldə ediblər.