Bakıya rəsmi səfəri çərçivəsində Litvanın birinci xanımı Diana Nausediene bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Litva səfirliyinin təşkil etdiyi “Litva Karaimləri” adlı fotosərginin açılışına qatılıb.
Qeyd edim ki, bu il Litvada “Karaim ili” elan olunub. Bu kiçik türkdilli və iudaist xalqın bir hissəsi düz 625 il əvvəl – 1397-ci ildə Böyük Knyaz Vitautasın dəvəti ilə Krımdan Litvaya köçmüş, Trakay şəhəri bu etnosun inzibati və mənəvi mərkəzinə çevrilmişdir.
6 əsrdən çoxdur ki, Baltik sahillərində yaşamış (və əsasən assimilyasiya məruz qalmış) bu qıpçaq nəsillərinin dilində qalmış türk sözlərini (“birlik”, “beşik”) görüb tanımaq çox maraqlı hisslərdir.
Şəkildə göründüyü kimi, Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin tərcüməsi də ölməkdə olan karaim dilini xilas etmək məqsədilə ortaya qoyulan cəhdlərdən biridir.
Tədbirdə karaimlərin ənənəvi yemək növü kıbın (kibinai) da qonaqlara təklif olundu.