Azərbaycanla Özbəkistan arasında qarşılıqlı turizm əlaqələrinin inkişafı, birgə turizm marşrutlarının hazırlanması və turistik səfərlərin sayının artırılması məsələləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Özbəkistan Respublikasının Baş Nazirinin müavini, Turizm və mədəni irs naziri Əziz Abduxakimov arasında mayın 23-də baş tutan görüşdə müzakirə olunub.
Dövlət Turizm Agentliyindən AZƏRTACA-a bildirilib ki, görüş mayın 24-də Şamaxıda keçiriləcək Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşü çərçivəsində reallaşıb.
Görüşdə Fuad Nağıyev Əziz Abduxakimova işğaldan azad olunan ərazilərin turizm potensialı, hazırlanan layihələr və həyata keçirilən işlər haqqında ətraflı məlumat verib.
Əziz Abduxakimov Özbəkistanın Azərbaycanla turizm əlaqələrinin inkişafında maraqlı olduğunu, tərəflər arasında təcrübə mübadiləsinin aparılmasının, turizm şirkətləri arasında əməkdaşlığın təşkili və aviauçuşların sayının artırılması məsələlərinin önəmini vurğulayıb.