Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Hənifə Şəbnəmin “Ağlama, könlüm ağlama” şeirlər kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan ictimai birliyin sədri, şair-publisist Güllü Eldar Tomarlı bildirib ki, ictimai birlik olaraq fəaliyyətimizdə neçə-neçə yaradıcı şairlərin yaradıcılığı işıqlandırılır, bu gündə ənənəmizə sadiq olaraq, Hənifə Şəbnəmin “Ağlama, könlüm ağlama” şeirlər kitabını ictimaiyyətə təqdim etdik. Hənifə Şəbnəm sözü gedən kitabında, real hadisələrdən təsirlənərək, acılı-şirinli günlərini bədii sözlərlə, ən gözəl şəkildə tərənnüm etmişdir. Şair Hənifə Şəbnəmə Mirvarid Dilbazi Poeziya Məclisi adından ipək baş örtüyü hədiyyə olundu. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın 8 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Onlardan biri də ənənəvi 24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmiş “Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması”dır. Beləliklə,26 Noyabr Azərbaycan Kəlağayısı günüdür.
Qız nəvələrimiz nənələrinnən dəstir götürər və səni yenə başlarına tac edərlər.
Qoy bütün dünyaya məlum olsun ki, səni bir bayraq kimi hər zaman başımız üzərində dalğalandıracaq və milli şərəf kimi yaşadacağıq.
Mirvarid Dilbazi Poeziya Məclisi olaraq unudulmağa və tərk edilməyə qoymayacağımız milli sərvətlərimizdən biri olan kəlağayını ( butalı, yelənni, noxudu, qoşa butalı, şah butalı, ipək ) yaşatmağa çalışacağıq. Qoy dünyanın hər yerinə bir daha yayılsın ki, saz bizim olduğu kimi kəlağayı da bizimdi. Biz onu gələcək nəsillərə həm milli baş örtüyü kimi, həm də gözəllik simvolu kimi təqdim edirik.
Tədbirdə çıxış edən, QHT-nümayəndələri, saz-söz adamları Hənifə Şəbnəmin yeni işıq üzü görmüş kitabında, müəllifin iç dünyasının nə qədər zəngin olmasına bir daha şahidi olaraq, onun yaradıcılıq xüsusiyyətləri haqqında danışılıb.
Sonda Hənifə Şəbnəm yeni işıq üzü görmüş kitabını qonaqlara hədiyyə edərək, gələn bütün iştirakçılara və tədbirin təşkilatına görə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinə dərin təşəkkürlərini bildirib.