İstanbulda Türkiyə-Azərbaycan-Pakistan Gənclik Forumu öz işinə başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Gənclər Fondu, Türkiyə Gənclik Vəqfi (TÜGVA) və Pakistan-Türkiyə Dostluq Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan və Pakistanın bu ölkədəki diplomatik nümayəndələri, İstanbul və ətraf şəhərlərdə təhsil alan türkiyəli, azərbaycanlı və pakistanlı tələbələr, müxtəlif səviyyəli gənclər birliyi təşkilatlarının nümayəndələri iştirak edib.
Əvvəlcə hər üç ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan forumun açılışında çıxış edən Azərbaycan Gənclər Fondu icraçı direktorunun müavini Qədir Xəlilov üç qardaş ölkə arasındaki real əməkdaşlıqların və gənclər sahəsində mümkün mübadilə məsələlərinin vacibliyindən bəhs edib. Türkiyəli gənclərlə yanaşı, pakistanlı gənc fəalların da işğaldan azad olunmuş torpaqlara səfəri ilə bağlı hazırki məqsəd və planlardan danışıb.
Türkiyə Gənclik Vəqfinin sədri Enes Eminoğlu çıxışında Azərbaycan Türkiyə və Pakistanın bir-birilə mənəvi cəhətdən bağlılığına toxunaraq, Azərbaycanın 44 günlük Vətən müharibəsində də xalqlar arasındaki bu qardaşlığın özünü göstərməsinin təsadüf olmadığı bildirib.
Ölkəmizin İstanbuldaki Baş konsulluğunun konsulu Zaur Allahverdizadə Azərbaycan-Türkiyə-Pakistan əlaqələrinin tarixiliyi və siyasi-mənəvi dəyərindən bəhs edib. Üç dövlət arasında müxtəlif sferalarda keçirilən görüşlər və birgə anlaşmalar, fərqli müstəvilərdə mövcud əməkdaşlıq perspektivlərindən danışan Z. Allahverdizadə, bu üçtərəfli mexanizmdə qurulan əməkdaşlığın Vətən müharibəsi zamanı, həmçinin Zəfərdən sonra daha dərin məna kəsb etdiyini qeyd edib.
Forumda 30 ilə yaxın müddətdə erməni işğalında olan tarixi Azərbaycan torpaqlarının 44 gün ərzində azad edilməsi, bu mənada Azərbaycanın haqq mübarizəsinin dünya ictimaiyyətinin diqqətinə çatdırmağın vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.
Forum çərçivəsində həmçinin Türkiyə universitetlərində işləyən azərbaycanlı və türkiyəli müəllimlərin iştirakı ilə tarixi əlaqələr, beynəlxalq arenada yürüdülən birgə diplomatiyanın əhəmiyyətindən bəhs edən seminar təşkil olunub.