2 İyul – Azərbaycan Polisi Günü münasibəti ilə Şuşa şəhərində tədbir keçirilib. Şuşa Rayonu Polis Şöbəsində təşkil olunan tədbirdə vaxtı ilə şəhərdə işləmiş veteran polis işçiləri də iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov tədbir iştirakçılarını peşə bayramı münasibəti ilə təbrik edib. Bildirib ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları daim vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirirlər. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərib. Bu gün isə işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətlərini böyük əzm və peşəkarlıqla davam etdirirlər.
Tədbirin sonunda polis əməkdaşlarına növbəti rütbələr və veteran polis əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.