“3+3” platformasının növbəti iclası İranın paytaxtı Tehranda keçiriləcək.
“Report”un xəbərinə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian iyulun 4-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
““3+3 formatında regional əməkdaşlıq platforması üzrə iclas əvvəlcə İranda yüksək səviyyəli ekspertlər səviyyəsində, növbəti mərhələdə isə İran, Azərbaycan, Gürcüstan, Rusiya, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək”, – Hüseyn Əmir-Abdullahian bildirib.
Xatırladaq ki, “3+3” regional məşvərət platformasının birinci iclası Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə xarici işlər nazirləri müavinlərinin, İran XİN Baş direktorunun sədrliyi ilə 2021-ci il dekabr ayında Moskva şəhərində keçirilib. Gürcüstan bu platformada iştirak etməyəcəyini açıqlayıb.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranda rəsmi səfərdədir.