Füzuli Beynəlxalq Hava Limanından start götürüb, Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısında başa çatan “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsinin qalib və mükafatçıları təltif ediliblər.
Trend xəbər verir ki, ikinci mərhələdə 71 kilometr məsafədə qrup yarışının qalibi Türkiyənin “Sakarya BB Pro Team” klubunun üzvü, Azərbaycanın elit milli komandasının kapitanı Elçin Əsədov olub.
Qızıl medal gənclər və idman naziri Fərid Qayıbov tərəfindən təqdim olunub.
Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev Elçin Əsədova kubok, sarı köynək və 3 otaqlı evin açarlarını təqdim edib.
Özbəkistan və Monqolustan milliləri gümüş və bürünc medallarla təltif olunublar.
Qeyd edək ki, birinci mərhələnin qalibi də Türkiyənin “Sakarya BB Pro Team” klubunda çıxış edən Elçin Əsədov olub.
İdmançılar birinci mərhələdə şose velosipedinin fərdi ötüşmə növündə 21 kilometr məsafədə mübarizə aparıblar. Bu növdə milli komandamızın digər üzvü Musa Mikayılzadə gümüş, Rumıniyanın “CSA Steaua Cycling Team” komandasının üzvü Sergey Tsvetkov isə bürünc medal qazanıblar.
Yarışda Türkiyə, Böyük Britaniya, Rumıniya, Gürcüstan, Monqolustan, Tacikistan, Özbəkistan və Azərbaycan komandaları mübarizə aparıblar. Ölkəmizi elit, həmçinin gənclərdən ibarət milli komandalarımız, MSN və “Triterra” klubları təmsil ediblər.