Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla Əliyevanın sözlərinə yazılmış “İssık-Kul” mahnısı (Qırğızıstanın Əməkdar artisti Gülzinat Surançiyevanın qırğız dilindəki ifasında) Qırğızıstan Teleradiokompaniyasının 19.08.2021-ci il tarixli qərarı ilə “Qızıl fond”a daxil edilib…
Artıq Azərbaycan diasporası da diqqətçəkən layihələr həyata keçirməyə başlayıb. Bu baxımdan Qırğızıstan Respublikasında fəaliyyət göstərən “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun prezidenti, dəyərli ziyalımız, qəlbi, ürəyi həmişə vətən eşqi ilə döyünən Nüsrət Məmmədovu misal göstərmək olar. N.Məmmədovun Azərbaycanın dövlət strukturları ilə yanaşı, yaşadığı Qırğızıstan Respublikasının dövlət rəsmiləri ilə də çox sıx əlaqələri var. Qırğızıstan Respublikasında dəyərli ziyalı kimi N.Məmmədovu tanıyırlar və qəbul edirlər. O, rəhbəri olduğu Fondun təşkilatçılığı və dəstəyi ilə Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişaf etdirilməsi üçün çoxsaylı tədbirlər həyata keçirir. Bu tədbirlərin hər biri Qırğızıstanın yazılı və elektron KİV-də geniş işıqlandırılır.
N.Məmmədovun fəaliyyəti təkcə tədbirlər təşkil etməklə kifayətlənmir. O, həmçinin Azərbaycanın yazıçı və şairlərini nəinki qırğız, hətta özbək, kazax, tacik, türkmən, rus və ingilis dillərinə tərcümə edərək nəşr etdirir. Onu da diqqətə çatdırım ki, bütün tərcümə işlərini və kitabın çapını Nüsrət bəy böyük vətənpərvər bir insan kimi özünün şəxsi vəsaiti hesabına təşkil edir. Nüsrət bəy prezidenti olduğu Fondla birlikdə, tarixi Zəfərlə başa çatan 44 günlük II vətən savaşında döyüşən ordumuza çoxsaylı yardımlar edib. Yəni, N.Məmmədov da vətənə belə xidmətlər etməyi özünün mənəvi borcu bilir.
***
2008-ci ildə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun Azərbaycana səfərini məhz Nüsrət Məmmədov təşkil etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çingiz Aytmatovu və onunla birlikdə Nüsrət Məmmədovu da qəbul etmişdir. Həmin görüş haqqında N.Məmmədov xatirələr yazmış və hələ də o günləri xoş xatirə kimi yad edir.
***
Təzəlikcə isə N.Məmmədov daha böyük bir layihəni həyata keçirmək niyyətindədir. Bu layihə qırğız və Azərbaycan xalqlarını daha da bir-birinə yaxınalaşdıracaq və mədəni əlaqələrini daha da inkişaf etdirəcək. Layihə barədə məlumat almaq üçün Qırğızıstanda fəaliyyət göstərən “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun prezidenti Nüsrət Məmmədovun Qırğızıstan prezidenti Sadır Japarova 23.06.2022-ci il tarixdə ünvanladığı məktuba diqqət yetirək:
“Hörmətli Sadır Nurkojayeviç!
Sizə məlumdur ki, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vits-prezidenti Leyla Əliyeva Qırğızıstanda olarkən, İssık-Kul gölünə də səyahət etmişdir. Leyla xanım gölün son dərəcə gözəl olan mənzərəsindən heyrətə gəlmiş, Qırğızıstanın və Türk dünyasının incisi sayılan İssık-Kul gölünə şeir həsr etmişdir.
“Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”muzun maddi dəstəyi ilə bu şeir qırğız, Azərbaycan, türk, özbək, ingilis, ərəb, ivrit və digər dillərə tərcümə edilmişdir. Azərbaycan Milli Konservatoriyasının sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə Leyla xanımın bu şeirinə mahnı bəstələmişdir. Bu mahnını Azərbaycan, Qırğızıstan, Özbəkistan, İran, ABŞ, Misir və İsrailin məşhur müğənniləri öz dillərində oxumuşlar.
“Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun təşkilatçılığı ilə bu mahnının təsiri altında “İssık-Kul – türkün inci dünyası” adı ilə bu il Beynəlxalq festival keçirmək niyyətindəyik. Bu festival çərçivəsində bizim tərcümə edib, çap etdirdiyimiz “Türk dünyasının böyük şəxsiyyəti”, “Azərbaycan ərazisində erməni dövlətini yaratmaqda böyük dövlətlərin oyunu” adlı kitabların təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulur. Bundan əlavə, Azərbaycanın, Qırğızıstanın tarixinə, mədəniyyətinə həsr olunmuş sənədli filmlər, həmçinin hər iki dövlətin məşhur şəxsiyyətləri olan ümummilli lider Heydər Əliyev və Çingiz Aytmatova həsr olunmuş “İki böyük oğul” adlı filmin nümayişi də festival çərçivəsində göstəriləcək. Bu böyük tədbirin keçirilməsi “İssık-Kul” gölünə böyük turist axınına səbəb olacaq. Bu festivalın keçirilməsi, eyni zamanda türk dünyası ilə əlaqələrin genişlənməsinə və xüsusilə Qırğızıstanla Azərbaycanın siyasi-iqtisadi, mədəni əlaqələrinin daha da inkişaf etdirilməsinə səbəb olacaq.
Cənab Prezident, bütün bunları nəzərə alaraq belə bir beynəlxalq tədbirin keçirilməsinə və Qırğızıstan-Azərbaycan arasında olan dostluğun daha da inkişaf etdirilməsi məqsədilə Sizin dəstəyinizə böyük ehtiyac var. Bu ilin avqust və ya sentyabr ayında keçirilməsi nəzərdə tutulmuş tədbir Bişkekdən başlayıb, “İssık-Kul” gölündə davam edəcəkdir. Festival Qırğızıstan respublikasının uyğun strukturları və Azərbaycanın Mədəniyyət Nazirliyi, həmçinin Heydər Əliyev Fondunun və “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun təşkilatçılığı ilə keçiriləcək. Bu münasibətlə Qırğızıstanın uyğun nazirliklərinə göstəriş verməyinizi, həmçinin Heydər Əliyev Fonduna, Azərbaycanın Mədəniyyət Nazirliyinə məktub göndərilməsini təmin etməyinizi Sizdən xahiş edirəm”.
Aldığımız məlumata görə, hazırda festivalın keçirilməsi üçün “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun prezidenti Nüsrət Məmmədovun Qırğızıstan prezidentinə ünvanladığı müraciət əsasında hazırlanan məktub diplomatik kanallarla Heydər Əliyev Fonduna və Azərbaycanın Mədəniyyət Nazirliyinə təqdim edilməsi məqsədilə, Qırğızıstanın Azərbaycandakı səfirliyinə göndərilib. İndi belə bir tədbirin keçirilməsi hazırda Qırğızıstanın Azərbaycandakı səfirliyindən aslıdır. Öyrənib, bildiyimizə görə, Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev xalqını, dövlətini sevən çox vətənpərvər və ziyalı bir insandır. Hər halda düşünürük ki, Qırğızıstanla Azərbaycanın mədəni əlaqələrinin daha da geniş inkişafı etməsi məqsədi ilə festivalın keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək.
Yeri gəlmişkən xatırladaq ki, Leyla xanım Əliyevanın sözlərinə yazılmış “İssık-Kul” mahnısı Qırğızıstanın əməkdar artisti Gülzinat Surançiyevanın qırğız dilindəki ifası ilə Qırğızıstan Teleradiokompaniyasının 19.08.2021- ci il tarixli qərarı ilə“Qızıl fond”a daxil edilib.
“İssık-Kul” mahnısını qırğız müğənnisindən başqa Azərbaycanda Nüşabə Ələsgərli rus dilində, Gülyaz Məmmədova türk dilində, Gülyanaq Məmmədova Azərbaycan dilində, Senya Salman Rabayev ivrid və dağ yəhudisi dillərində ifa ediblər. Ümumilikdə isə “İssık-Kul” mahnısını 20-ə qədər müğənni 12 dildə ifa edib.
Biz də inanırıq ki, eyni kökdən olan Qırğızstan-Azərbaycan dövləti və xalqları arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün bu festivalın keçirilməsinə Heydər Əliyev Fondu ilə Azərbaycanın Mədəniyyət Nazirliyi birlikdə çox həssaslıqla yanaşacaq və festivalın baş tutması üçün bütün lazımi dəstək veriləcək.
Elçin MƏMMƏDLİ