Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə reallaşan “Multikulturalizm siyasəti qlobal və regional sülhün açarı kimi” adlı XII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iyulun 30-da bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər ki, tədbirdə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov Yay Məktəbi haqqında məlumat verib. Qeyd edib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli layihələr reallaşdırır. Diqqətə çatdırıb ki, bu cür məktəblərin təşkil edilməsi həm də digər ölkələrlə əməkdaşlığın qurulması üçün bir vasitədir.
İcraçı direktor Azərbaycana göstərdikləri marağa və ölkəmizdə keçirilən bu Yay Məktəbində iştirak etdiklərinə görə iştirakçılara öz minnətdarlığını bildirib.
Daha sonra Yay Məktəbinin iştirakçılarına sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Yay və Qış məktəbləri tədris layihəsi çərçivəsində hazırda dünyanın 24 nüfuzlu ali təhsil ocağında, eləcə də ölkəmizdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunur. Layihənin məqsədi həmin gənclərin nəzəri biliklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
XII Beynəlxalq Multikulturalizm Yay Məktəbində 14 ölkənin – Azərbaycan, Ukrayna, Rusiya, Türkiyə, Fransa, İspaniya, Misir, Türkmənistan, Gürcüstan, Rumıniya, Qana, Nigeriya, Bolqarıstan, Suriya kimi aparıcı universitetlərindən 20-dən çox tələbə iştirak edib. Yay məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc və yanaşı yaşaması haqqında mühazirələr təqdim olunub.