Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmudun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Adem Muhammed Mahmud etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Münasibətlərimizin yaxşı tarixə malik olduğunu bildirən dövlətimizin başçısı hazırda ikitərəfli səviyyədə müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd etdi, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstəyin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün də mövcud imkanlardan istifadə edilməsinin önəmini vurğuladı.
Səfir Adem Muhammed Mahmud Efiopiya Prezidenti xanım Sahle-Vork Zevdenin və Baş nazir Abiy Əhməd Əlinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Efiopiya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
Səfir qeyd etdi ki, gözəl ölkə olan Azərbaycanda etimadnaməsini təqdim etməkdən böyük şərəf hissi duyur. Adem Muhammed Mahmud da öz növbəsində əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən investisiya və ticarət sahələrində genişləndirilməsi üçün ölkələrimizin malik olduğu potensialdan istifadə edilməsinin zəruriliyini vurğuladı. Səfir Azərbaycanın böyük təcrübəyə və potensiala malik olduğunu deyərək münasibətlərimizin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.
Görüşdə dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycanın COVID-19 pandemiyası zamanı Qoşulmama Hərəkatına üzv, xüsusən də Afrikadan olan ölkələrə humanitar və maliyyə yardımları göstərməsi xüsusi olaraq vurğulandı.