Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 23-də keçirilən növbəti hərracda 1 kiçik dövlət müəssisəsi, 10 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 65 sifariş qəbul olunub, bunun 19-u elektron qaydada həyata keçirilib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Binəqədi rayonunda yerləşən “B.Sərdarov adına Maşınqayırma Zavodu” MMC olub. Ümumi faydalı sahəsi 58 min 472 kvadratmetr, torpaq sahəsi isə 117 min 787 kvadratmetr olan müəssisə 14 milyon 489 min 788 manata özəlləşdirilib.
Ötən hərraclarda olduğu kimi bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsində rəqabət müşahidə edilib.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu).
Məlumat üçün bildiririk ki, növbəti hərrac avqustun 30-da keçiriləcək.
Hərracda iştirakçılara 55 dövlət əmlakı təklif edilir. Bunlardan 6-sı səhmdar cəmiyyətlərin səhm paketi, 12-si kiçik dövlət müəssisə və obyekti, 1-i yarımçıq tikili, 36-sı isə nəqliyyat vasitəsidir.