Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Zəfər Bayramı münasibətilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda 30 Avqust Zəfər Bayramının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına ən səmimi təbriklərini və xoş arzularını yetirib.
Məktubda deyilir: “Yüz il əvvəl Dumlupınarda Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında qazanılmış şanlı qələbə qardaş xalqınızın qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biridir. Türkiyənin müstəqillik və istiqlaliyyət mübarizəsi salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu böyük zəfər xalqınızın sarsılmaz iradəsinin, yenilməzliyinin, birliyinin və şücaətinin bariz nümunəsidir. Vətənlərinin azadlığı və müstəqilliyi yolunda mərdlik və rəşadət göstərmiş, canlarını vermiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Möhtəşəm zəfərdən ötən bir əsr sonra bu gün qardaş Türkiyə Sizin rəhbərliyiniz ilə hərtərəfli inkişaf edən, güclü və qüdrətli bir ölkəyə çevrilmişdir. Dünyada və regionda baş verən mürəkkəb proseslərdə qətiyyətli və prinsipial mövqeyi, sülhün, haqq-ədalətin bərqərar olması üçün ardıcıl səyləri ilə Türkiyə beynəlxalq aləmdə nüfuz qazanmışdır. Ölkənizin bütün sahələrdə əldə etdiyi uğurları bizi olduqca fərəhləndirir”.
Təbrik məktubunda “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri olmadığını qürur hissi ilə vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Dövlətlərarası münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Əminəm ki, tarixən bir-birinə dəstək və dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimizin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.