Ölkəmizdə bitki sağlamlığı və mühafizəsinin təşkili istiqamətində davamlı işlər görülür. Bu sahədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kənd Təsərrüfatı Nazirliyi ilə, xüsusilə də nazirliyin Aqrar Xidmətlər Agentliyi ilə koordinasiya olunmuş fəaliyyət aparır. Bitki sağlamlığı işində nəzarət və xidmət funksiyalarının bir-birini tamamlaması uğurlu nəticələr əldə etməyə imkan verir. Birgə monitorinq mexanizminin formalaşması, elektron bazanın yaradılması, dataların toplanması, davamlı məlumat mübadiləsi – bütün bunlar həm Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, həm də Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi sahəsində mövcud risklərə daha çevik və operativ reaksiya verməsini, önləyici tədbirlər görməsini təmin edir.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusunda keçirilən regional tədbirdə çıxışı zamanı deyib.
İ.Kərimov bildirib ki, bitki sağlamlığı işinin təşkilində ən prinsipial addımlardan biri təhlükəli zərərli orqanizmlərin ölkəmizə daxil olması, məskunlaşması və yayılması risklərini əvvəlcədən proqnozlaşdırmaq və buna qarşı preventiv tədbirlər görməkdir. Belə tədbirlər riskli xəstəliklərin ölkəmizin florasına, əsasən də kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin qarşısının almağa, daha geniş arealda yayılmasına qarşı qabaqlayıcı addımlar atmağa imkan verir. Bunun üçün zərərli obyektin düzgün diaqnostikasının aparılması və düzgün elmi identifikasiyası vacibdir. AQTA və Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə də koordinasiya olunmuş, səmərəli fəaliyyət göstərirlər.
“Bütün dünya qlobal iqlim dəyişkliyinin təsirlərini hiss etməkdədir. Qlobal istiləşmə, atmosfer yağıntılarının azalması, ekoloji tarazlığın pozulması, torpaq və su resurslarının istehsal imkanlarının son həddinə çatması bütün sahələrə, o cümlədən kənd təsərrüfatına mənfi təsir göstərməkdədir. Bu məsələlər artıq ayrı-ayrı ölkələrin deyil, bütün dünyanın üzləşdiyi problemlərdir. İqlim dəyişkliyinin yaratdığı risklərə qarşı önləyici addımların atılmasında məlumat və təcrübə mübadiləsinin aparılması vacibdir. İştirak etdiyimiz “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” beynəlxalq konfransı bizlərə belə təcrübə mübadiləsi aparmağa imkan yaradır.
Beynəlxalq əməkdaşlıq çərçivəsində birgə fitosanitar, bitki mühafizəsi və biotəhlükəsizlik tədbirlərinin görülməsi, ölkələr arasında operativ və səmərəli məlumat mübadiləsi aparılması yeni ocaqların əmələ gəlməsinin və sirayətlənmə hallarının qarşısının alınmasında əhəmiyyətli rola malikdir. Ölkəmizin 2000-ci ildə qoşulduğu Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı beynəlxalq səviyyədə koordinasiyalı mübarizənin təşkilində aparıcı rola malikdir.
Kənd təsərrüfatı zərərvericilərinə qarşı mübarizə və bitki sağlamlığı sahəsində Beynəlxalq Konvensiyanın həyata keçirdiyi mühüm fəaliyyətlərdən biri Fitosanitar Tədbirlərə dair Beynəlxalq Standartların (İSPM) qəbul olunmasıdır.
Qəbul olunmuş fitosanitar standartlar, protokollar və fitosanitar tədbirlər beynəlxalq miqyasda data harmonizasiyası və təcrübə mübadiləsini aparmağa, bu sahədə birgə əməkdaşlığı təşkil etməyə imkan verir. Eyni zamanda, lokal, regional və qlobal miqyasda dayanıqlı kənd təsərrüfatının inkişaf etdirilməsi yolu ilə ərzaq təhlükəsizliyinə, bitki sağlamlığına, ətraf mühitin və biomüxtəliflyin qorunmasına zəmin yaradır.
Zərərvericilərə qarşı fitosanitar risk analizləri, zərərvericilərdən azad zonaların və istehsal yerlərinin yaradılması, fitosanitar sertifikatlaşdırma sistemi, ərazidə zərərvericilərin statusunun müəyyənləşdirilməsi, karantın və tənzimlənən qeyri karantin zərərvericilər üçün risk analizləri kimi beynəlxalq standartlar zərərverici ocaqlarının ləğvində və yayılma arealının qarşısının alınmasında əsas metodik bələdçi rolunu oynayır”, – deyə İ.Kərimov qeyd edib.
Onun sözlərinə görə, kənd təsərrüfatının inkişafında innovasiyaların tətbiqi qaçılmazdır. Yeni texnologiyaların tətbiqi torpaq və su resurslarından daha səmərəli istifadə etməyə, məhsul istehsalını artırmağa imkan verir. Təcrübədə özünü doğrultmuş yeniliklərin aqrar sahədə tətbiqi bitki sağlamlığı və mühafizəsi sahəsindən də kənarda qalmamalıdır.