Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıqda icra olunan “Azərbaycanda pensiya islahatlarına dəstək” tvinninq layihəsinin ikinci mərhələsinə start verilib.
Layihənin Rəhbər Komitəsinin bununla əlaqədar keçirdiyi iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, layihənin birgə icra olunacağı Litvanın Sosial Müdafiə və Əmək Nazirliyinin, tvininq layihəsinin nümayəndələri iştirak ediblər.
İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov son illər ölkəmizdə aparılan pensiya islahatlarını, bu islahatlar nəticəsində pensiyalarda ardıcıl xarakter alan ciddi artımları, pensiya təminatı sisteminin təkmilləşdirilməsi sahəsində atılan addımları diqqətə çatdırıb.
Qeyd olunub ki, davamlı islahatlar nəticəsində son 4 ildə minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 75 faiz, yaşa görə orta aylıq pensiya 70 faiz artıb. Pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi ilə yanaşı, bu sistemin humanist yanaşmalar əsasında təkmilləşdirilərək əhatə dairəsinin genişləndirilməsi, əlçatanlığın artırılması istiqamətində mühüm irəliləyişlər əldə edilib. 2019-cu ilin əvvəlindən isə pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanıb və ötən dövrdə 70 minədək pensiyanın elektron sistem üzərindən proaktiv qaydada təyinatı həyata keçirilib.
İkinci mərhələsinə başlanan tvinninq layihəsi də ölkəmizdə pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində islahatlara, bu islahatların qabaqcıl təcrübələr əsasında həyata keçirilməsinə dəstək məqsədi daşıyır.
Layihənin yeni mərhələsində pensiya sahəsi üzrə beynəlxalq təcrübəyə uyğun aktuar modellərin və proqnozlaşdırma metodlarının hazırlanmasında Nazirliyin potensialının artırılmasına, proaktiv təyinat mexanizmləri üçün elektron institutsional məlumat bazasının sistemləşdirilməsinə dəstək veriləcək.
Həmçinin layihə pensiya təminatı sistemində əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması üçün müvafiq mexanizmlərin tətbiqinin tənzimlənməsini, təhlil keyfiyyətinin artırılmasını və s. hədəfləyir.
İclasda Aİ Nümayəndəliyinin layihə meneceri Rza Zülfüqarzadə, Litvanın Sosial Müdafiə və Əmək Nazirliyinin nümayəndəsi Audrius Bitinas, rezident tvinninq məsləhətçisi Audrone Morkuniene və b. çıxış ediblər. Layihə üzrə görüləcək işlər müzakirə olunub.