Bu ilin avqustun 24-dən 28-dək Türkiyənin İstanbul şəhərində keçirilən Arıçılıq Assosiasiyalarının Beynəlxal Federasiyasının (APİMONDİA) 47-ci Konqresində Azərbaycan balı dünyada 3-cü olub.
“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə ölkəmizi Arıçılıq Assosiasiyasının, Peşəkar Arıçılar Birliyinin 22 nəfərdən ibarət üzvi təmsil edib. Konqresə arıçılarla yanaşı, mütəxəssislər, sahibkarlar, texniki işçilər və rəsmi şəxslər də daxil olmaqla dünyanın 44 ölkəsindən 161 iştirakçı qatılıb. Konqresdə arıçılığın inkişafı ilə bağlı müzakirələr aparılıb, arıçılıq məhsullarının sərgisi keçirilib, istehsal olunan arı məhsullarının müsabiqəsi təşkil edilib.
Sərgidə Azərbaycan arıçıları milli pavilyonda öz məhsullarını nümayiş etdirib, ziyarətçilərə Azərbaycanın genofondu olan Bozdağ Qafqaz arısı, eyni zamanda arıçılığın inkişafı ilə bağlı dövlət dəstəyi barədə tədbir iştirakçılarına geniş məlumatlar verilib. Pavilyonda ziyarətçilərə Azərbaycan balının dadı, ətri və özəllikləri, bal nümunələri təqdim edilib.
APİMONDİA-nın strategiyasına uyğun olaraq konqresdə iştirak edən ölkələr öz məhsullarını müsabiqəyə təqdim edərək yarışda iştirak ediblər. Azərbaycan istehsalı olan arıçılıq məhsulları da müsabiqəyə təqdim edilib. Müsabiqədə ballar 7 ölkədən seçilmiş 42 nəfərlik münsiflər heyəti tərəfindən dəyərləndirilib. Balların təbiiliyi, keyfiyyəti, nəmliyi, mənşəyi, tərkibində antibiotiklər və digər qalıqların olub-olmaması yoxlanılıb, görünüşü, dadı, qoxusu, ətri qiymətləndirilib.
VII Azərbaycan Arıçılıq Konfransdakı bal müsabiqəsində 1-ci və 2-ci yer olmaqla 5 medal qazanan “Qinyətoğulları” şirkəti bu dəfə dünya səviyyəsində 3-cü yeri tutaraq bürünc medala layiq görülüb.