Beynəlxalq Türk Akademiyasının prezidenti Füzuli Məcidli Nazarbayev Universitetinin Qazax dili və türkşünaslıq kafedrasının müdiri, professor Yulaem Şamiloğlu və dosenti Funda Güven ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Türk Akademiyasının elm və analitika bölmələrinin əməkdaşları Timur Kozırev, Nurdin Useev, Dinmuhammed Ametbek, Nurbolat Boqenbaev də iştirak ediblər.
Tərəflər elm və təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. O cümlədən, türkdilli dövlətlərdə gənc alimlərin türkşünaslıq istiqamətində təcrübə mübadiləsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Akademiyanın prezidenti F.Məcidli qeyd edib ki, təmsil etdiyi təşkilatın doktorantlara dəstək planı var.
Öz növbəsində professor Y.Şamiloğlu bu cür əməkdaşlığın dünya səviyyəli universitetlərin təcrübəsində necə həyata keçirildiyi haqqında danışıb.
Görüşdə tərəflər bu təşəbbüsün praktiki həyata keçirilməsi üçün birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər.