Məlumat verildiyi kimi, sentyabrın 12-16-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a səfər edib. ANAMA ilə yanaşı, nümayəndə heyətinə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Katibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları daxil olub.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Nyu-York şəhərində BMT-nin mənzil-qərargahında təşkilatın katibliyinin yüksəkrütbəli rəsmiləri, o cümlədən Mina Fəaliyyəti Xidmətinin (UNMAS) direktoru ilə görüşüb.
ABŞ-ın paytaxtı Vaşinqtonda nümayəndə heyəti Dövlət Departamenti, Müdafiə Departamenti (Pentaqon), ABŞ Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID), Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin yüksəkrütbəli rəsmiləri, habelə ABŞ Konqresinin aparıcı üzvləri ilə çoxsaylı görüşlər keçirib.
Bununla yanaşı, nümayəndə heyəti mina fəaliyyəti sahəsində ixtisaslaşmış Marşal İrsi İnstitutu (MLI), Mina Məsləhət Qrupu (“Mines Advisory Group America”) direktorları ilə məhsuldar müzakirələr aparıb. Dünya Bankının mənzil-qərargahında keçirilmiş görüş zamanı da minatəmizləmə və inkişaf məsələləri müzakirə edilib.
Keçirilmiş görüşlər zamanı ölkəmizin üzləşdiyi kütləvi mina problemi, minaların insanların həyatına törətdiyi təhdidlər, məcburi köçkünlərin öz yurduna qayıtması və bərpa-quruculuq işlərinin gedişatına yaratdığı maneələr, bu təhdid və maneələrin aradan qaldırılması, humanitar minatəmizləmə sahəsində əməkdaşlıq və yardımın genişləndirilməsi istiqamətində məhsuldar müzakirələr aparılıb.
Görüşlər zamanı, həmçinin minaların törətdiyi təhdidlərin aradan qaldırılması regionda sülhə və sabitliyə töhfə verən vacib amil kimi vurğulanıb.
Səfər çərçivəsində, həmçinin ABŞ-ın nüfuzlu tədqiqat mərkəzlərinin nümayəndələrinin iştirakı ilə Azərbaycanın ABŞ-dakı səfirliyində ölkəmizdəki mina probleminə həsr edilmiş dəyirmi masa təşkil edilib. Görüşdə kütləvi şəkildə minalanmış ərazilərin təmizlənməsi, həmçinin yenidənqurma və bərpa işləri istiqamətində Azərbaycan hökuməti tərəfindən aparılan fəaliyyət və tətbiq edilən idarəetmə modeli, beynəlxalq resursların cəlb olunmasının önəmi və tərəfdaşlığın əhəmiyyəti qeyd edilib.
Həmçinin, ABŞ Konqresində italiyalı fotoqraf Fabrisio Kontinin müəllifi olduğu işğaldan azad edilmiş ərazilərimizin təsvirlərini, bu ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətini əks etdirən və mövzunun müxtəlif aspektlərinə dair çıxışlarla müşayiət olunan “Agdam Delenda est” adlı tədbir də keçirilib.