UNESCO və Özbəkistan Respublikasının təşkilatçılığı ilə Daşkənd şəhərində Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Gününə həsr edilmiş “Süni intellekt, elektron idarəetmə və məlumat əldə etmək” mövzusunda qlobal konfrans keçirilib.
“Report” Ombudsman Aparatına istinadən xəbər verir ki, Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova həmin konfransda iştirak ediblər.
Bildirilib ki, Lamiyə Zeynalova “İnformasiya əldə etmək haqqında qanunlar və onların icrası sahəsində tərəqqinin ölçülməsi” adlı 4-cü paneldə təqdimatla çıxış edərək, ölkəmizdə informasiya əldə etmək azadlığının daha yaxşı təmin olunması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. O, Ombudsman təsisatının da “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirməklə mühüm bir mexanizm kimi bu nailiyyətlərin qazanılmasına töhfə verdiyini bildirib.
Çıxış zamanı konfrans iştirakçılarına Azərbaycan Ombudsmanının informasiya əldə etmək hüququnun təmini, təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmənin və monitorinqin həyata keçirilməsi, bu hüququn pozulması halları ilə bağlı protokolların tərtib olunması, habelə informasiya əldə etmək hüququ ilə bağlı digər istiqamətlərdə fəaliyyəti barədə geniş məlumat verilib.