Ağdamda torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsinə həsr olunmuş “Şəhidlər ölməzdir” adlı voleybol yarışına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda iştirak edən Ağcabədi rayonunun Qaraxanlı, Ağdam rayonunun Mahrızlı, Zəngişalı, Qaradağlı, Xındırıstan, Uçoğlan, Bənövşələr, Baharlı kənd və qəsəbə məktəblərinin şagirdləri əvvəlcə Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyini ziyarət ediblər. Onlar cəsur əsgər Rahib Məmmədova və Qarabağ müharibəsi şəhidlərinə aid olan eksponatlarla tanış olublar.
Sonra yarışa start verilib. Yarışın ilk günündə Mahrızlı kəndinin komandası Qaraxanlı kəndinin komandasına 3:2 hesabı ilə, Bənövşələr qəsəbəsinin komandası Zəngişalı kəndinin komandasına 3:2 hesabı ilə qalib gəlib. Yarışın finalı 8 Noyabr – Zəfər Günündə keçiriləcək, qalib komandaya kubok veriləcək.