Azərbaycanın tanınmış şair və dramaturqu Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində şairin əziz xatirəsinə həsr edilmiş barelyefin açılışı olub.
AZƏRTAC xəbər verir ki, gənc heykəltəraş Kamran Əsədovun müəllifi olduğu xatirə barelyefi Vaşinqton şəhərinin tarixi Corctaun ərazisində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının inzibati binasının üzərinə vurulub. Layihə ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycanın ABŞ-dakı Səfirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib.
Açılış mərasimində ABŞ hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, iş adamları və Azərbaycan icmasının nümayəndələri iştirak edib.
ABŞ-Azərbaycan Ticarət Palatasının Direktorlar Şurasının sədri Reza Vəziri qonaqları salamlayıb və barelyefin açılışının əhəmiyyətdən danışıb.
Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim Hüseyn Cavid irsinin Azərbaycan tarixindəki rolundan bəhs edib. O, Hüseyn Cavidin azadlıq idealları uğrunda apardığı mübarizə yolundan, onun sürgün illərindən və daha sonra nəşinin ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvana gətirilməsindən danışıb.
Mərasimdə Vaşinqton şəhəri Kolumbiya Əyalətinin meri xanım Mariel Bauserin 2022-ci il oktyabrın 24-nü Hüseyn Cavidin Anım Günü elan etməsi barədə bəyanatının mətni oxunub. Bəyanatda Hüseyn Cavidin Azərbaycan ədəbiyyatındakı rolu ilə yanaşı onun azadlıq və ayrı-seçkiliyə qarşı aparmış olduğu mübarizə qeyd edilir. Həmçinin vurğulanır ki, Cavidin azad və ədalətli dünya idealları, onun ədalətsizlik və ayrı-seçkiliyə qarşı aparmış olduğu mübarizə çağdaş dünyamızda aktual olaraq qalmaqdadır.
Tədbir çərçivəsində layihənin baş tutmasına, eyni zamanda, ABŞ-Azərbaycan Ticarət Palatasının fəaliyyətinə vermiş olduqları dəstəyə görə bir neçə nəfərə xatirə lövhələri hədiyyə edilib.