Naxçıvan Dövlət Universitetində “İrəvan Müəllimlər Seminariyasi – 140” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransdan əvvəl universitetin Elmi Kitabxanasının mövzu ilə bağlı sərgisi nümayiş olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ali təhsil ocağının Pedaqoji fakültəsində keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev Azərbaycan Respublikası Prezidentinin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd olunması haqqında” 2021-ci il 29 dekabr tarixli Sərəncamının milli yaddaşın bərpasına yönəlmiş mühüm dövlət sənədi olduğunu vurğulayıb. Bildirib ki, böyük elmi-pedaqoji, siyasi-ideoloji, mədəni-mənəvi əhəmiyyət kəsb edən həmin Sərəncam həm də İrəvan mahalında azərbaycanlıların min illər boyu yaratdığı tarixi irsə sahib çıxmaqla strateji hədəflərə nail olmağa yönəlib.
Rektor diqqətə çatdırıb ki, bu cür konfransların keçirilməsinin əsas məqsədi qədim tarixə, zəngin mədəniyyətə və əbədi irsə malik olan İrəvan şəhərində fəaliyyət göstərmiş İrəvan Müəllimlər Seminariyasının yaranmasını, onun Azərbaycan şöbəsinin keçdiyi çətin tarixi və şərəfli yolu tədqiq etməkdir. Eyni zamanda, belə tədbirlər həmin dövr ziyalıların fəaliyyətini, seminariyanın keçdiyi təşəkkül və inkişaf yolunu, üzləşdiyi problemləri kompleks şəkildə araşdırmaq baxımından da əhəmiyyətlidir.
Konfransa onlayn qatılan Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, pedaqogika elmləri doktoru Rüfət Hüseynzadə “İrəvan maarifçilik mühiti tarixinə bir nəzər” adlı çıxışında qeyd edib ki, tarixi, siyasi, pedaqoji əhəmiyyət kəsb edən İrəvan Müəllimlər Seminariyası 1881-ci ildə İrəvan Kişi Gimnaziyası, İrəvan Müəllimlər Seminariyası və 1884-cü ildə yaranmış İrəvan qız progimnaziyası adlı kadr hazırlayan üç böyük tədris müəssisəsi kimi yaranıb, fəaliyyət göstərib. İrəvan Müəllimlər Seminariyasının tarixinə nəzər salan professor burada fəaliyyət göstərən ziyalıların adlarını sadalayıb. Bildirilib ki, seminariyada dərs deyən ilk azərbaycanlı müəllim dövrünün görkəmli alimi, maarifçi-pedaqoq Axund Məmmədbağır Qazızadə olub. O seminariya açılan gündən 1897-ci ilə qədər burada ilahiyyat və Azərbaycan dilindən dərs deyib. Seminariyanın ilk buraxılışı 1884-cü ildə olub. Bu zaman 5 azərbaycanlı məktəbin məzunu adını qazanıb.
“Erməni dövlətinin yaradılmasının böyük güclərin geosiyasi planlarında yeri: tarix və reallıqlar” mövzusunda çıxış edən AMEA Naxçıvan Bölməsinin dosenti, tarix elmləri doktoru Emin Şıxəliyev qeyd edib ki, 1828-ci ildə I Nikolayın fərmanı ilə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları ləğv edilib və bu xanlıqların ərazisində qondarma “Erməni vilayəti” yaradılıb. Bununla da Cənubi Qafqazdakı Azərbaycan torpaqlarında, daha doğrusu İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq üçün ilk addım atılıb. Məruzəçi tarixi dövrə nəzər salıb, müasir dövrün reallıqlarına diqqəti çəkib.
Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Vahid Rzayev “İrəvan mühiti və Firudin bəy Köçərli” mövzusunda çıxışında qeyd edib ki, görkəmli Azərbaycan maarifçisi Firudin bəy Köçərlinin pedaqoji fəaliyyətinin mühüm bir hissəsi bu gimnaziya ilə bağlı olub. Otuz yeddi il fəaliyyət göstərən İrəvan Müəllimlər Seminariyasının ilk müəllimlərindən olan Firudin bəy Köçərli burada 10 il dərs deyib və geniş mədəni-maarif işləri aparıb.
“İrəvanda Azərbaycan ədəbi mühiti” mövzusu ilə konfransa onlayn qoşulan Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev Azərbaycan ədəbi mühitində özünəməxsus xidmətlər göstərən İrəvan ədəbi məktəbi haqqında məlumat verib. Vurğulanıb ki, İrəvanda Azərbaycan məktəbinin tarixi 1930-cu ildən başlanır.
Pedaqogika-psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilovun moderatorluq etdiyi konfransın bölmə iclaslarında onlayn olaraq Bakı Dövlət, Bakı Slavyan və Gəncə Dövlət universitetlərindən, ADPU-nun Şamaxı filialından, BDU-nun Qazax filialından professor-müəllim heyəti qatılıb. Konfransın ənənəvi bölməsində isə Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, “Naxçıvan” Universitetinin bu sahə üzrə araşdırma aparan alimlərinin çıxışları dinlənilib. Ümumilikdə, konfransda ənənəvi və onlayn qaydada 21 məruzə üzrə çıxışlar olub.