Hacıqabul rayonunda yerləşən “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiyada Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli və sözügedən qurumların əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları qoruğun mühafizə zonasında müxtəlif növ ağaclar əkiblər.
Aksiya çərçivəsində ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi anılıb. Həmçinin Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyəti bir daha vurğulanıb. Eləcə də, işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi abidələrinin monitorinqi, inventarlaşdırılması və bərpası istiqamətində atılan addımlardan söz açılıb.
Dövlət Xidmətinin əməkdaşları olan birinci və ikinci Qarabağ müharibəsi iştirakçıları da ürək sözlərini ifadə ediblər.
Sonda tədbir iştirakçıları “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.