Polşanın paytaxtı Varşavada “Şuşa İli”nə və 8 Noyabr – Zəfər Gününə həsr edilmiş konsert olub.
Tədbir Azərbaycan diasporuna dəstək Fondu, Azərbaycanın Polşadakı səfirliyi və Polşa milli filarmoniyası tərəfindən təşkil edilmişdi.
Konsertə gələnlər arasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Türkiyənin Polşadakı səfirliyinin əməkdaşları, Polşanın ictimai-siyasi xadimləri, Azərbaycan, türk və yəhudi icmalarının üzvləri, yerli ictimaiyyətin nümayəndələri vardı.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova tədbirin əvvəlində çıxış edərək vurğulayıb ki, Azərbaycanın musiqi məbədi və Qafqazın konservatoriyası adlandırılan Şuşa musiqi dünyasına dahi sənətkarlar bəxş edib. Azərbaycan üçün bu şəhərin qiymətini Avstriya üçün Vyananın, İtaliya üçün Neapolun qiyməti ilə müqayisə edən səfirin sözlərinə görə, Şuşa dünya azərbaycanlıları üçün böyük mənəvi dəyər kəsb edir. Səfir qonaqların diqqətinə çatdırıb ki, Azərbaycanın şanlı Qələbəsi həm də beynəlxalq hüququn və ədalətin təntənəsinin təcəssümüdür.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qeyd edib ki, Polşanın və Azərbaycanın dahi sənətkarlarının əsərlərinin səslənəcəyi musiqi tədbiri iki ölkə arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verəcək. Dövlət Komitəsinin sədri daha sonra vurğulayıb ki, Şuşa şəhəri tarixən Azərbaycan mədəniyyətinin və ictimai-siyasi həyatın mərkəzi olub. F.Muradov xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar dünyanın bir sıra ölkələrində, o cümlədən Polşada tədbirlər keçirilir. Bu il Polşa və Azərbaycan arasında tarixi əlaqələrin 550 illiyinin və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini vurğulayan Komitə sədri qonaqların diqqətinə çatdırıb ki, Polşa və Azərbaycan xalqları tarixən bir-birinin mədəniyyətinə qarşılıqlı töhfələr veriblər.
Maestro Eyyub Quliyevin idarə etdiyi “Simfonia Varsovia” orkestrinin iştirakı ilə konsert proqramına Azərbaycan və Polşa bəstəkarlarının əsərləri daxil idi. Əsl bayram təntənəsinə çevrilən konsert tamaşaçıların gurultulu alqışları ilə qarşılandı.
Konsert zalının girişində bizim Zəfərimizi əks etdirən sərgi təşkil edilmişdi. Burada həmçinin, Polşanın “Orphee Classics” səsyazma şirkəti tərəfindən hazırlanmış kompakt diskin təqdimatı oldu.