3 oktyabr 2018-ci il tarixində Rəşid Behbudov adına Mahnı Teatrında Türk Dövlətlərinin Birliyi Günü – Dünya Türklərinin Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Rəsmi və bədii hissədən ibarət olan tədbirdə millət vəkilləri, ziyalılar, QHT təmsilçiləri, gənclər, sənətçilər, jurnalistlər və s. iştirak ediblər. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən tədbirdə “Ey Turanım!” mahnısının sədaları altında səhnəyə türkd ölkələrinin dövlət bayraqları gətirilib. Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında türkdilli dövlətlərin tarixindən danışıb, bir çox xalqların tarixin səhifələrindən silindiyi halda türk xalqlarının inkişaf yolu keçdiyini vurğulayıb: “Türkdilli xalqlar dünyaya sülh, rifah, ədalət, inkişaf gətiriblər. XXI əsrdə türkdilli dövlətlər qarşısında yeni missiyalar yaranıb. Bu dövlətlər bütövlükdə Avrasiyaya sülh, barış gətiriblər. 1990-cı illərin əvvəllərində türkdilli xalqların birliyinin təbliği üçün mühüm addımlar atılıb. Bu birliyin olması üçün siyasi iradə lazım idi və bu proses uğurla davam etdirildi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev türkdilli xalqların həmrəyliyinə, birliyinə böyük töhfələr verib. Cənab İlham Əliyevin təklifi ilə Naxçıvanda təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu baxımdan çox böyük addımdır”.
Tədbirin bədii hissəsində vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlının, əməkdar artist Nuriyyə Hüseynovanın ifasında musiqilər səsləndirilmişdir. BDU-nun tələbəsi, “Vətənim Azərbaycan” bədii qiraət müsabiqəsinin qalibi Rauf Əliyevin ifasında “Əzəl axır dünya bizim olacaq”, “Qarabağı vermərəm” şeirləri, Fəda Nəsirli və Təhminə Quliyevanın ifasında rəqs nömrəsi, Solmaz Kosayeva və Nuray Rəhmanın ifasında musiqilər səsləndirilib. Sonda tədbirdə aktiv şəkildə iştirak edən şəxslər Fəxri Fərman və Təşəkkürnaməylə mükafatlandırılıblar.
Qeyd edək ki, Türk Dövlət Başçıları (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan) 2010-cu ildəhər il 3 oktyabr tarixinin Türk Dövlətlərinin Birliyi Günü, başqa adla desək Dünya Türklərinin Həmrəylik Günü kimi keçirilməsi ilə bağlı qərar qəbul ediblər.