Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə noyabrın 25-30-da Bakı şəhərində keçiriləcək İkinci “4.4 Qısa Tamaşalar Festivalı”nın (QTF) başlanmasına sayılı günlər qalıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hazırlıq işlərinin ilk mərhələsini başa çatdıran Təşkilat Komitəsi artıq festivalın proqramını müəyyənləşdirib. Göndərilən 20-dən artıq tamaşadan 12-si festivalın müsabiqə proqramına daxil edilib. Bu tamaşaların 6-sı Bakıda, 4-ü bölgələrdə fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür. Maraqlıdır ki, builki festivala dram teatrları ilə yanaşı, kukla teatrları da qatılıb.
Qeyd olunub ki, festivalın proqramında müxtəlif ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Builki festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, festival günlərində seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına baxa biləcəklər.
Zəngin festival proqramı yalnız tamaşalarla bitmir. Əlliyə yaxın xarici qonağın qatılacağı festival ərzində teatrsevərlər tanınmış teatr mütəxəssislərinin fərqli ustad dərslərində, treninqlərdə və panel müzakirədə iştirak edə biləcəklər.
Qeyd edək ki, festivalın proqramı ilə Teatro.az sənət portalında, festivalın veb-saytında və sosial media hesablarında tanış olmaq mümkündür.