“TOPs” layihəsi XII Azərbaycan beynəlxalq təhsil sərgisində təqdim olunub

“TOPs” proqramı – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsi Bakı Ekspo Mərkəzində keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisində də təqdim olunub. “TOPs” proqramı Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, proqram Böyük Britaniya təcrübəsinə əsaslanaraq ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimlərin “TOPs” metodologiyası ilə bilik, bacarıqlarının zənginləşdirilməsi və şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, bu sahədə innovativ təhsil texnologiyasının yaradılması məqsədilə həyata keçirilir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Sərgidə “TOPs” layihəsinin rəhbəri Vəli Musayev layihə çərçivəsində görülən işlər barədə iştirakçılara məlumat verib. O deyib: “Layihə Bakı, Sumqayıt, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Qubadlı və Laçın rayonlarından olan ümumtəhsil məktəblərində tətbiq olunur. Bu müddətdə mindən çox müəllim “TOPs” təlimlərindən keçərək öz praktiki bilik və bacarıqlarını artıraraq daha keyfiyyətli dərslər tədris etməyə başlayıb. Layihə çərçivəsində hazırlanan metodiki tədris kartları milli fiziki tərbiyə kurikulumuna uyğunlaşdırılıb və müəllim fəaliyyətinin gündəlik planlaşdırılması üçün hesablanıb. Hər kart bir mövzunu əhatə edir və mövzu üzrə metodiki tövsiyələr təqdim olunur. Dərslərin daha səmərəli tədris edilməsi üçün müxtəlif idman ləvazimatlarından ibarət olan “TOPs” oyun çantası əsas köməkçi alətlərdəndir. Çantada təlim nəticələrinin əldə olunması üçün lazım olan əsas idman ləvazimatları müəllimlərə dərsləri istənilən yerdə keçirməyə yaxşı imkan yaradır. Layihəyə cəlb olunan məktəblərin ümumi sayı 250–dir və bundan yararlanan şagirdlərin sayı isə 100.000-i keçib. UNICEF-in Azərbaycan təşkilatı tərəfindən dəvət edilmiş beynəlxalq ekspert, professor Kolin Hiqqs layihənin qiymətləndirilməsini həyata keçirib və nəticələri müsbət qiymətləndirib. Bunun nəticəsi olaraq, “TOPs” layihəsinin daha geniş şəkildə həyata keçirilməsi tövsiyə edilib. “TOPs” proqramı çərçivəsində beynəlxalq səviyyəli təlim kursları təşkil edilib və 20 təlimçi sertifikatı alaraq bu metodikanın digər fiziki tərbiyə müəllimlərinə öyrədilməsi məqsədilə hazırlanıb”.

Sərgidə “TOPs” layihəsi çərçivəsində görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub.

ƏvvəlkiTop’s
NövbətiQubad İbadoğlu