“Məmur xanımının 1 saatda xərclədiyini Azərbaycan müəllimi 4 ayda, həkimi isə 6 ayda qazanır” – Qubad İbadoğlu

“Qlamurlaşmış Azərbaycan məmurları və ya Zamirə Hacıyevanın gündəlik xərcləmələri son 10 ilin hər saatında 1126 manat olub. Qlamur dəbdəbə, cah-cəlal, cazibə mənasında işlədilir. Belə yaşayışla adətən şou-biznesin məşhurları tərənnüm olunur və lovğalanırlar. Bu təbəqəyə Ərəb şahzadələrindən sonra Azərbaycan məmurlarının ailə üzvləri də əlavə olunub. Amma bütün dünya ondan danışır, dünən iştirakçısı olduğum söhbətdə ildə 150-200 min dollar qazanan professorların təəccüblü baxışları ilə qarşılaşmasaydım, yəqin ki, Zamirə Hacıyevanın Azərbaycanı dünya mətbuatında diqqətə gətirən xərcləmələri barədə yazmazdım”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu “feysbuk” səhifəsində yazıb.

Q. İbadoğlu qeyd edir ki, Zamirə Hacıyeva son 10 ildə hər saatda orta hesabla 500 funt sterlinq, 1126 manatı sahibi olduğu 35 müxtəlif bank kartından xərcləyib: “Odur ki, sizə sözüm pulu hara və necə xərclənməsi ilə bağlı deyil, bu pulların mənbəyi və asanlıqla mənimsənilməsi ilə bağlıdır”.

“Azərbaycan xalqının varidatı kiçik bir qrup tərəfindən talanır, xaricə aparılır”

Q. İbadoğlu onu da xatırladıb ki, bir vaxtlar İqtisadiyyat Nazirliyinin Anti-inhisar şöbəsinə rəhbərlik edən bir məmur, səhər yeməyini Moskvada, naharını Dubayda, şam yeməyini də başqa bir ölkədə edirdi: “Bütün bunlar Azərbaycanda gəlirlərin və sərvətlərin ədalətsiz bölgüsünün, külli miqdarda dövlət vəsaitlərinin oğurlanmasının, xalqın pullarının mənimsənilməsinin göstəricidir. Bu, bir daha sübut edir ki, Azərbaycan xalqının varidatı kiçik bir qrup tərəfindən talanır, xaricə aparılır, dəbdəbə, cah-cəlallı həyat sürən məmurların şəxsi kapitalına çevrilir. Onlar da xalqdan oğurladıqları pulları dədə malı kimi necə istəyirlər elə də xərcləyirlər və belə hallar xalqın sərvətlərinə və hakimiyyətinə sahib çıxana, siz doğrunun, düzgün olanın yanında dayana qədər davam edəcək”.

ƏvvəlkiQubad İbadoğlu
Növbətiyeni-qatar