Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 20-də Kamboca Krallığına səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, Pnompen beynəlxalq hava limanında nümayəndə heyətimizi ölkəmizin Kamboca Krallığındakı səfiri Şövqi Mehdizadə, Kamboca Milli Assambleyasının deputatları Ker Çanmoni, Man Navi, Mak Vanstiha, Ti Soxun və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində nümayəndə heyətimiz burada keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Parlamentlərarası Assosiasiyası (AİPA) Baş Assambleyasının 43-cü iclasında iştirak edəcək.
Milli Məclisin sədrinin Kamboca Krallığının rəsmiləri və tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.