Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvü, Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaq Azərbaycanın son illər əldə etdiyi mühüm nailiyyətlər, uğurlar və Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
Dövlətimizin başçısı xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.
Görüşdə Yeni Azərbaycan Partiyası ilə “Yedinaya Rossiya” Partiyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu və perspektivlərlə bağlı fikir mübadiləsi aparıldı.