Azərbaycan Elm Fondu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş “Qarabağ Azərbaycandır!” qrant müsabiqəsinin qalibi olan 2 layihə üzrə müqavilələr imzalanıb.
“Report” xəbər verir ki, layihə təklifləri İdarəetmə Sistemləri İnstitutu (İSİ) ilə “SİNAM” MMC-nin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb və Elmin İnkişafı Fonduna təqdim olunub.
Müqavilələrdən biri Elm Fondu ilə Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasovun rəhbəri olduğu “İşğaldan azad edilmiş ərazilərdə davamlı inkişafı və təhlükəsizlik mühitini təmin etmək üçün PUA-ların monitorinqi metodlarının təkmilləşdirilməsi” layihəsi, digəri isə Elm Fondu ilə İSİ-nin İntellektual qərarqəbuletmə üsulları və kompüter sistemləri laboratoriyasının müdiri və “SİNAM” MMC-nin prezidenti, t.e.d., professor Elçin Əliyevin rəhbəri olduğu “İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün əşyaların interneti (IoT) intellektual sisteminin qurulması və tətbiqi” layihəsi üzrə imzalanıb. Layihələrin 2 il ərzində icrası nəzərdə tutulur.
“İşğaldan azad edilmiş ərazilərdə davamlı inkişafı və təhlükəsizlik mühitini təmin etmək üçün PUA-ların monitorinqi metodlarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Kiçik Pilotsuz Uçuş Aparatlarının (KPUA) intensiv inkişafı və yerli iqtisadiyyatda səmərəli istifadəsi məqsədilə PUA-ların tənzimlənməsi və monitorinqi üsullarının tədqiq olunması və PUA-lara quraşdırmaq üçün yüksək qənaətcilliyə malik küy əleyhinə elektron modulların və bu modullar üçün proqram təminatlarının hazırlanması planlaşdırılır. İnkişaf etdirilmiş platforma vasitəsilə ərazinin coğrafi xəritəsindən istifadə edərək yeni PUA-ların qeydiyyatının aparılması və sistem interfeysi vasitəsilə artıq qeydiyyatdan keçmiş PUA-ların izlənməsi imkanlarının yaradılması da layihənin məqsədlərinə daxildir.
“İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün əşyaların interneti (IoT) intellektual sisteminin qurulması və tətbiqi” layihəsi çərçivəsində insan müdaxiləsi olmadan avtomatlaşdırılmış rejimdə uzaqdan idarəetmə imkanları ilə məlumatların toplanması, emalı üçün yaradılacaq və fiziki obyektlərdə quraşdırılacaq müxtəlif təyinatlı cihazlar (sensorlar) və proqram təminatları vasitəsilə vahid kompüter şəbəkəsi, əlaqəli fiziki obyektlər (əşyalar) sisteminin yaradılması planlaşdırılır. Belə bir sistemin yaradılması mövcud resurslardan əldə olunan məlumatların təhlili əsasında xərclərin azaldılması, yükün paylaşdırılması, istehsalın optimallaşdırılması istiqamətində intellektual qərarqəbuletmə məsələlərinin həllini asanlaşdırmağa və qərar qəbuletmənin operativliyinin təmin olunmasına imkan verəcək.