Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında keçirdiyi antiterror əməliyyatlarında son iki gündə 22 terrorçu zərərsizləşdirilib.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.
Məlumata görə, terrorçuların 10 İraqın, 12-si isə Suriyanın şimalında zərərsizləşdirilib.
Xatırladaq ki, noyabrın 25-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar Suriya və İraqın şimalında keçirilən “Pəncə-Qılınc” əməliyyatı çərçivəsində indiyədək 326 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Qeyd ki, 2022-ci ilin noyabrın 19-da Suriya və İraqın şimalında Türkiyə Silahlı Qüvvələri “Pəncə-Qılınc” hava əməliyyatına başlayıb. Əməliyyat Türkiyə tarixinin ən böyük hava hərəkatıdır.
Noyabrın 19-da yerli vaxtla saat 19.00-da Diyarbəkir hərbi hava limanından havaya qalxan 10 ədəd “F-16” tipli döyüş təyyarəsi ilk hədəfləri məhv edərək Diyarbəkirə qayıtdıqdan sonra noyabrın 20-də yerli vaxtla saat 01.00-da “F-16” və “F-4” döyüş təyyarələri ilə yanaşı çox sayda zərbə PUA-ları və tanker təyyarələri gecə yarısı əməliyyata başlayıb. Hava əməliyyatı Rusiyanın nəzarətində olan Suriya hava məkanında həyata keçirilib. Türkiyə sərhədindən 160 km dərinliyə qədər ərazini əhatə edən əməliyyat ölkənin Milli Müdafiə Nazirliyi tərəfindən “Hesab zamanı! Xain hücumların bədəli ödətdirilir!” tviti ilə elan edilib. Türkiyə Quru Qoşunları əməliyyata artilleriya dəstəyi verib. Əməliyyatla bağlı məhv edilmiş hədəfin görüntüləri Türkiyə MN tərəfindən “Terror yuvaları dəqiq vuruşlarla məhv edilir” şərhi ilə paylaşılıb.
Əməliyyat çərçivəsində Suriyanın şimalında Tel Rifat, Ayn Əl Ərəb, Derbesiye, Maranez, Malikiye, Ayn İsa, Ayn Dagne, həmçinin İraqın şimalında Qəndil, Süleymaniyyə və Sincardakı hədəflər vurulub.
Milli Müdafiə Nazirliyi əməliyyatın özünümüdafiə hüququ kimi BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirildiyini açıqlayıb.