Noyabrın 29-da Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 39-cu ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Milli Məclisin deputatları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib.
Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer böyük türk millətinin bir parçası olan Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıb. O, ölkəsinin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Ölkələrimiz arasında əlaqələrdən danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu Şimali Kipr Türk Respublikasını müstəqillik günü münasibətilə təbrik edib. Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edən H.Babaoğlu bildirib ki, xalqımız bunun əyani təzahürünü 44 günlük Vətən müharibəsində gördü.
Tədbir daha sonra konsert proqramı ilə davam edib.