“Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitab-albomu Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində gənclərə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə müəllimlər, tələbə-gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərkəzin icraçı direktoru Rəna Hüseynova çıxış edərək bildirib ki, kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Şuşa İli”nə həsr olunan tədbirlər çərçivəsində, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə nəşr edilib.
Tədbirin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində müxtəlif dərnəklərdə iştirak edən məktəb şagirdləri və tələbələrə kitabda yer almış, Qarabağ xanılığına aid olan 300-dən çox artefaktın rəsmi toplanmış eksponatlar barədə geniş məlumat verməkdir.
Rəna Hüseynova deyib ki, “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitab-albomu Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin daha da dərinləşməsinə layiqli töhfə olmaqla yanaşı, tariximizin öyrənilməsində dəyərli mənbə olacaqdır.
Bildirilib ki, kitab professor Eldar Nadiradzenin rəhbərliyi altında bir qrup gürcü alimin iştirakı ilə hazırlanıb.
Mərkəzin sənət üzrə sədri Leyla Əmrahova yüzilliklərin yadigarı olan, əfsanəyə dönmüş həqiqətləri özündə yaşadan tarix nümunələrinin toplanılaraq nəşr edilməsinin əhəmiyyətindən söz açıb, bunu Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığı və onun zəngin mədəni irsinə artan beynəlxalq marağın daha bir göstəricisi kimi qiymətləndirib.
“Alyans” Gənclər Mərkəzinin tarix müəllimi Ruslan İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında (Château Mukhrani) “Qarabağ xanlığının irsi” kitabının təqdimatında və sərgidə iştirakı ilə bağlı videogörüntüləri müdavimlərə nümayiş etdirib.
Ruslan İsmayılov deyib ki, kitabda XIX əsrdə və XX əsrin əvvəlində Qarabağa təşkil edilmiş elmi ekspedisiyalar zamanı toplanaraq Rusiya imperiyasının Tiflis şəhərindəki arxivlərinə göndərilən, hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan çoxsaylı eksponatların bir hissəsi əksini tapıb. Kitabda artefkatların (xalçalar, silahlar, rəsm əsərləri, qab-qacaqlar və s.) əsasında müəllif Qarabağ xanlığı dövründə yaşamış Azərbaycan xalqının mədəni irsinin – silah və qələmin, zadəgan nəsillərin şan-şöhrətinin və ən xəfif poeziyanın parlaqlığının, ruhani yüksəlişin və yaradıcı inkişafın şərəfli dövrünün zənginliyini və müxtəlifliyini göstərildiyini qeyd edib.
Bildirilib ki, kitabda maraqlı faktlardan biri də Qarabağ xanlığının bayrağıdır. Bu nadir bayraq Azərbaycan irsinə aid olan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan çoxsaylı artefaktlardan biridir. Bayrağın üzərində Günəş və Aslan təsvirləri var. Bu ikili simvol – Qızılbaş dövləti və Səfəvi sülaləsinin rəsmi rəmzlərindən biri olub. Burada Günəş taxt, şir isə taxtın keşikçisi anlamına gəlir. Bununla yanaşı, aslan təsvirləri günəş və aydınlıq simvolu olaraq qədim türk inancında geniş yer alır. Beləliklə, gürcü arxivlərində tapılan və Qarabağ xanlığına aid edilən bu ilk bayraqdan da göründüyü kimi, Qarabağ xanlığı məhz tarixi Qızılbaş-Azərbaycan dövlətçiliyi ənənəsinin davamı olub.
Nəşrdən seçilmiş artefaktlar arasında Qarabağ xanlığına aid edilən bayraqla yanaşı, Qarabağ xanları sülaləsi tərəfindən qorunmuş Şah İsmayılın qalxanı, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini əks etdirən fotolar xüsusi maraq doğurur.
Mühüm faktların yer aldığı bu nəşr Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təkzibolunmaz faktlarla sübut edir. Kitabda təqdim olunan fotofaktlar bölgədə yaşayan əhalinin necə yüksək inkişaf səviyyəsində olmasını göstərir və erməni saxtakarlığına tutarlı cavabdır.