Futbol üzrə Niderland millisi Qətərdə keçirilən dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, “Xəlifə” stadionunda Niderland millisi ABŞ yığması ilə qarşılaşıb. Matçın 10-cu dəqiqəsində niderlandlı futbolçu Memfis Depay hesabı açıb. Birinci hissəyə əlavə olunmuş vaxtda Deyli Blind Niderland millisini hesabda önə keçirib. Avropa təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.
İkinci hissəyə ABŞ millisi daha fəal başlayıb. Matçın 76-cı dəqiqəsində ABŞ futbolçusu Hadji Rayt hesab arasındakı fərqi azaldıb. Qarşılaşmanın 81-ci dəqiqəsində Denzel Dümfriz Niderland yığmasının üçüncü topunu rəqib qapısından keçirib və bu, oyunda vurulan sonuncu qol olub.
Beləliklə, Niderland millisi 3:1 hesablı qələbə qazanaraq çempionatın dörddəbir final mərhələsinə yüksəlib.
Bu gün pley-off mərhələsinin növbəti oyunu Argentina və Avstraliya yığmaları arasında oynanılacaq. “Əhməd ibn Əli” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi polşalı Şimon Marçinyak olacaq.