İşğaldan azad edilmiş ərazilərdə təmiz ətraf mühitin təmin olunması yaxın 10 ildə əsas strateji istiqamətlərdəndir.
“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev İqtisadiyyat Nazirliyi və Dünya Bankının birgə təşəbbüsü ilə keçirilən “Azərbaycan Yaşıl İnkişafa doğru” hesabatın təqdimatında bildirib.
O qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yeni imkanlar yaradıb:
“Azad edilmiş torpaqlarda “yaşıl” enerji, “yaşıl” kənd təsərrüfatı və “yaşıl” texnologiyaların tətbiqi üçün çox böyük potensial var. Bu ərazilərin bərpası zamanı müasir yanaşmaların tətbiqi gələcəkdə Qarabağın ekoloji problemlərdən azad “yaşıl” zonaya çevrilməsinə gətirib çıxaracaq”.
R.Hacıyev qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın “yaşıl” texnologiyalar əsasında inkişafına investisiyalar hər il artır:
“Böyük investisiya tələb edən sahələrin inkişafı ətraf mühitin mühafizəsi və insan sağlamlığının qorunması baxımından da özünü doğruldur. “Yaşıl” iqtisadiyyata keçid mərhələsində resurslara qənaət, xammaldan təkrar istifadə, sənayedə ətraf mühitə dost texnologiyaların tətbiqi kimi məsələlərdə daha məsuliyyətlə hərəkət etməliyik və beynəlxalq əməkdaşlığı gücləndirməliyik”.