Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun doğum günü münasibətilə onun Tərtər şəhərindəki abidəsi önündə anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Milli Qəhrəmanın abidəsi önünə tər gül-çiçək dəstələri düzərək xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra şəhidlərin ruhuna dualar oxunub.
Anım mərasiminin iştirakçıları Milli Qəhrəmanın mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan, vətənpərvərliyindən bəhs ediblər. Məlumat verilib ki, Vəzir Orucov 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. 1984-cü ildən 1992-ci ilə qədər Rusiyanın Arxangelsk vilayətində yaşayıb. Ermənilərin torpaqlarımıza hərbi təcavüzü başlayanda V.Orucov Azərbaycana qayıdıb, “Tərtər” özünümüdafiə batalyonuna yazılıb. 1992-ci ilin sentyabrında Çıldıran kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanıb, 1993-cü ilin yanvarında tam sağalmasa da, yenidən cəbhəyə qayıdıb. Ağdərədə gedən döyüşlərdə cəsurluq göstərib, qorxmazlığı ilə döyüş yoldaşlarına nümunə olub. Vəzir Orucov 1993-cü il martın 22-də Ağdərə bölgəsinin “Qlobus” yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. 1993-cü il martın 27-də ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Tədbirdə iştirak edənlər şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.