YAP Gəncə şəhər təşkilatı və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə konfrans keçirilib. Konfransda YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Gəncə
Dövlət Univetsiteyinin Elm və İnnovasiyalar üzrə prorektoru, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə, ADAU-nun müəllim və tələbə heyəti iştirak edib.
Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin əlamətdar günə – 18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Gününə təsadüf etdiyini bildirən ADAU-nun rektoru İbrahim Çəfərov Prezident cənab İlham Əliyevin diqqəti, qayğısı və dövlətin həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırma tədbirləri sayəsində aqrar sahədə əldə edilən uğurlardan, nailiyyətlərdən danışıb. Qeyd edib ki, cənab İlham Əliyevin 15 illik Prezidentlik dövrü, sosial-iqtisadi həyatımızın bütün sahələrində olduğu kimi aqrar sahədə də sözün əsl mənasında dönüş dövrü olub, ölkəmizin
inkişaf səlnaməsinə tarixi töhfə verib.
YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ölkə Prezidenti cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birinin gənc nəslə diqqət və qayğının artırılması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olduğunu vurğulayıb. Gəncə gənclərinin ölkə Prezidenti, Yeni Azərbaycan Partiyanın sədri cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini qeyd edən millət vəkili bildirib ki, YAP Gəncə şəhər təşkilatı fəaliyyətini gənclərin inkişafına geniş imkanların
yaradılması, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılması istiqamətində qurub. Təşkilatın gənc üzvləri şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməklə bərabər, bütün sahələrdə, o cümlədən elmdə və təhsildə böyük uğurlar qazanırlar. Təşkilatda
gənclərin, xüsusən də tələbələrin dərsdən sonra asudə vaxtlarını səmərəli keçirilmələri, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün zənginləşməsi və intellektinin formalaşması istiqamətində lazımı şərait yaradılıb.
YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə ölkəmizin qazandığı nailiyyətlərdən danışaraq, bunun təməlində Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin dayandığını söyləyib. Millət vəkili bildirib ki, məhz bu siyasətin
nəticəsidir ki, ölkəmizin nüfuzlu, ziyalı qadınları, eləcə də cəmiyyətin digər təbəqələrini təmsil edən xanımlar YAP-ın sıralarında cəmləşiblər və onlar ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edirlər.
Ölkədə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu qeyd edən ADAU-nun III kurs tələbəsi Səidə Həsənova dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlardan danışıb, təhsil aldığı ali təhsil müəssisəsini nümunə göstərib. Tədbirdə ərazi ilk partiya təşkilatları Gənclər Birliyi, Qadınlar Şurası, İdarə Heyətlərinin yeni tərkibi, həmçinin YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V konfransına nümayəndələr seçilib. Sonda partiya sıralarına yeni daxil olan tələbələrə təntənəli şəkildə üzvlük vəsiqələri təqdim edilib.