Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə polis əməkdaşlarının qarşısında dayanan prioritet məsələlərdən biridir. Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi son dövrlərdə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan ümumilikdə 65 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 170 kiloqram müxtəlif xassəli narkotik vasitə, elektron tərəzilər və 5122 ədəd ekstazi və metadon həbi aşkar edilib.
DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saxlanılan şəxslərdən bir neçəsi narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisindəki əsas tədarükçülərindən biri olublar. İlkin sorğu zamanı bu şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əldə etdiklərini bildiriblər. Onların əsas niyyəti isə narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etməklə yanaşı, şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinin köməyi ilə xarici ölkələrə göndərmək olub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin ölkə daxilində və xaricindəki digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, qanunsuz dövriyyədən çıxarılan 170 kiloqram narkotik vasitənin qara bazarda qiyməti milyonlarla manata bərabərdir. Bu çəkidə narkotik vasitənin dövriyyədən çıxarılması isə yüzlərlə Azərbaycan vətəndaşının həyatının xilas edilməsi deməkdir.