Ədliyyə naziri Fikrət Məmmədov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan və Böyük Britaniya arasında dərin tarixi kökləri olan dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir bu əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu vurğulayıb. 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlamətdar olduğunu söyləyərək ölkəmizdə köklü hüquqi islahatların aparılmasında Ümummilli Liderin bilavasitə xidmətlərindən bəhs edib.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir məhkəmə-hüquq islahatlarına toxunularaq bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıqda məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, “Elektron məhkəmə” sistemi tətbiq olunmaqla yüksək texnoloji hi-tech məhkəmələrin yaradılması, hakimlərin Avropada şəffaflığı ilə fərqlənən seçimi barədə məlumat verilib.
Səfir iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək bu münasibətlərin genişləndirilməsi üçün əlindən gələni etməyə hazır olduğunu bildirib, Azərbaycanın hüquqi sahədə nailiyyətlərini yüksək qiymətləndirərək Avropa hüquq ailəsinin üzvü kimi ölkələrimizin yaxşı təcrübələrini bölüşmək üçün yaxşı imkanların olduğunu qeyd edib.
Həmçinin penitensiar sistemdə məhkumların saxlanma şəraitinin və tibbi təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlərə, vərəmlə mübarizədə beynəlxalq aləmdə təqdir olunan müsbət təcrübəmizə maraq göstərilib.
20 Yanvar hadisələrinin ildönümü ərəfəsində keçirilən görüşdə Azərbaycanın müstəqillik yolundan, işğala məruz qalan torpaqlarımızın 44 günlük Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilərək sürətli bərpasından, ərazilərimizin işğal dövründə, hətta müharibədən sonra Ermənistan tərəfindən büsbütün minalanmasından danışılıb, bununla bağlı hazırlanmış xüsusi broşür qonağa təqdim olunaraq bərpa işlərində və minatəmizləmə prosesində Böyük Britaniya ilə əməkdaşlıq qeyd edilib.
Söhbət zamanı cinayətkarlıqla mübarizə, hüquqi əməkdaşlıq məsələləri ətrafında faydalı fikir mübadiləsi aparılıb.