BP şirkəti beynəlxalq universitetlərdə geniş istifadə edilən dörd dərsliyin Azərbaycan dilinə tərcümə edilmiş nəşrlərini yanvarın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzində təqdim edib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov BP-nin tərcümə etdiyi növbəti beynəlxalq dərsliklərin təqdimatının ilk dəfə universitet kitabxanasında keçirilməsinin rəmzi məna daşıdığını vurğulayıb, belə sosial layihələrin təhsilin inkişafındakı önəmindən danışıb. Rektor vurğulayıb ki, prioritet sahələrdə beynəlxalq səviyyədə tədris olunan dərsliklərin tərcümə və çap edilməsi ali təhsil müəssisələri ilə müzakirələr əsasında gələcəkdə də diqqət mərkəzində saxlanılmalıdır. Bu vəsaitlərin ana dilimizdə təqdim olunması gənclərimizin dünya elminə birbaşa çıxış imkanını reallaşdırır.
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, şirkətin ölkədə həyata keçirdiyi sosial layihələrin 80 faizi təhsillə bağlıdır. “Bu kitablar yerli universitetlərin bəhrələnə biləcəyi dəyərli təhsil və tədris mənbəyidir. Layihə başa çatdıqda biz universitetlərimiz üçün qlobal biliklərlə zəngin 29 ən nüfuzlu beynəlxalq dərsliyə birbaşa çıxış təmin etmiş olacağıq. Çox məmnunuq ki, Bakıda və ölkənin digər şəhərlərində yerləşən 30-dan çox yerli ali təhsil müəssisəsinin tələbə və müəllim heyəti bu dərsliklərdən yararlana biləcəklər. Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaşı kimi, biz ölkədə təhsilin ümumi keyfiyyətinin artırılmasına yönəlmiş sosial layihələrə sərmayə qoymağa davam edəcəyik”.
Bu günə qədər Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda 65 min nüsxədən artıq kitabın oxucular arasında yayılmasına dəstək verdiklərini vurğulayan B.Aslanbəyli deyib ki, “Rəqəmsal kitabxana” layihəsi çərçivəsində 29 mindən artıq kitab elektronlaşdırılıb.
Milli Məclisin deputatı Zahid Oruc, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “TEAS PRESS” nəşriyyat evinin təhsil üzrə məsləhətçisi Elmina Kazımzadə vurğulayıblar ki, bu layihə ölkənin və cəmiyyətin gələcəyinə töhfə verən gözəl sərmayədir. Neft kapitalının bilik kapitalı kimi sosial sərmayə formasında cəmiyyətə qayıtması dayanıqlı inkişafın təməlidir.
Qeyd edək ki, yeni nəşrlər BP tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və yerli universitetlərə təqdim olunmuş əvvəlki 15 dərsliyə əlavədir. Bunlar Rona Hartın “Pozitiv psixologiya”, Çarlz A. O’Reyli və Malykl L.Tuşmanın “Liderlik et və qalib gəl: İnnovator dilemmasını necə həll etməli”, Örl Bebbinin “Sosial tədqiqat praktikası” və Con Mallinsin “Yeni biznes yolu testi” kitablarıdır.
Kitablar BP-nin ən yaxşı beynəlxalq tədris vəsaitlərinin və təcrübəsinin Azərbaycana gətirilməsinə yönəlmiş böyük təhsil layihəsinin bir hissəsi kimi tərcümə və nəşr edilib. Şirkət bu layihəni hazırda davam etdirir və əlavə 10 beynəlxalq universitet dərsliyinin tərcümə olunması və nəşri üzərində iş aparır.
Azərbaycan dilinə tərcümə və nəşr olunması üçün seçilmiş bütün dərsliklər yerli universitetlər və müvafiq ekspertlər tərəfindən beynəlxalq bilik və təhsil təcrübəsi baxımından dəyərli mənbə kimi tövsiyə edilib. Bu kitablar dünyada ən geniş istifadə olunan dərsliklər sırasındadır və əksər aparıcı beynəlxalq universitetlərin icbari tədris vəsaitlərinin siyahısına daxildir.
Nəşrlər BP-nin yerli universitetlərə, kitabxanalara və müvafiq elm və təhsil müəssisələrinə hədiyyəsidir. Hər bir dərsliyin çap edilmiş 2 min nüsxəsi ilə yanaşı, rəqəmsal versiyası da yerli nəşriyyatın – “TEAS PRESS”in onlayn platformalarında yerləşdirilib.